REGİONLAR
Şirvanda istehsalçılara 140 pambıqyığan kombayn və 400 ədəd digər texnika təqdim edilib
![](/files/galleryphoto/2017/3/1200x630/1504700482316858343_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15047004825304621021_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/1504700482595774850_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/1504700482113512084_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15047004823290129549_1200x630.jpg)
Şirvan, 6 sentyabr, Mahir Babayev, AZƏRTAC
Sentyabrın 6-da “Aqrolizing” ASC Şirvan Təchizat Bazasında respublikada pambıq yığımının başlanması ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə pambıq istehsalı ilə məşğul olan “MKT İK” MMC, “CTS-Aqro” MMC və “Şamo” MMC-nin və digər şirkət nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri, həmçinin fermerlər, sahibkarlar və mexanizatorlar iştirak edib.
Təqdimat mərasimində öncə “John Deere” şirkətinin istehsalı olan 140 ədəd pambıqyığan kombayna və pambıq yığımında istifadə olunan 400-dən artıq qoşqu, traktor və digər kənd təsərrüfatı texnikalarına baxış keçirilib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyindən, pambıqçılığın inkişafı ilə əlaqədar prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr və tapşırıqlar layiqincə yerinə yetirilir, ölkədə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün kifayət qədər maddi texniki baza yaradılır, ən müasir texnika və texnoloji avadanlıqlar fermer və sahibkarların istifadəsinə verilir.
Nazir Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsindəki çıxışında qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı qısa zamanda sahibkarlarla görüşəcəyini qeyd edərək, onların təklifləri nəzərə alınaraq Avropanın ən müasir kənd təsərrüfatı texnikaları gətirilərək , onların istifadəsinə veriləcəyini bildirib. Qeyd edib ki, ADAU-da “John Deere” şirkətinə məxsus kombaynların idarə edilməsi üzrə xüsusi otaqlar ayrılıb, şirkətin nümayəndələri tərəfindən mexaniztorlara təlim kursları keçirilib.
Bildirilib ki, "Aqrolizinq" ASC tərəfindən bağlanmış müqavilələrə əsasən bu günədək 8500 ədəd kənd təsərrüfatı texnikası "Aqrolizinq" ASC-nin bazalarına daxil olub ki, onların da 5143 ədədi pambıqçılığa aid maşınlardır. Bu gün 140 pambıqyığan kombayn, 400-dən çox qoşqu “Aqrolizinq” ASC-nin Regional nümayəndəlikləri, onların rayon (şəhər) bölmələrinin, həmçinin pambıq istehsalı ilə məşğul olan “MKT İK” MMC, “CTS-Aqro” MMC və “Şamo” MMC-nin şirkətlərinin istifadəsinə verilib. İndiyədək 4000-dən çox texnikanın pambıq istehsalı ilə məşğul olan fermerlərə xidmət göstərilməsi məqsədilə istifadəyə verilməsi həyata keçirilmiş, qalan texnikaların isə istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir.
Eyni zamanda, şəkər çuğundurunun istehsalı ilə bağlı 312 ədəd, digər kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar 3042 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları da cari il ötən ayları ərzində respublikaya gətirilmişdir. Qalan texnikalar isə ilin sonuna kimi respublikaya gətirilərək sahibkarların istifadəsinə veriləcəkdir.
Sonda nazir pambıqyığan kombaynların sənədlərini və nömrə nişanlarını şirkət nümayəndələrinə təqdim edib.