Şirvanda şəhid Həsən Həsənovun məzarı ziyarət edilib
Şirvan, 3 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
44 günlük Zəfər yürüşündə qəhrəmancasına döyüşərək şəhid olan Həsən Həsənovun anım günündə məzarı ziyarət olunub. Onun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən danışılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım günündə ailə üzvləri ilə bərabər, Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Həsən Həsənovun və digər şəhidlərin məzarı ziyarət olunub. Çıxışlar zamanı Azərbaycan Ordusunun qüdrətindən söz açılıb. Tarixi Qələbənin əldə olunmasında canından keçən qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağı qeyd edilib. Şəhid Həsən Həsənovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulanıb.
Qeyd edək ki, Həsən Həsənov 1990-cı il oktyabrın 1-də Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhər 2 nömrəli tam orta məktəbi bitirib. O, hələ məktəb illərində əxlaqı, mədəni davranışı, düşüncələri ilə seçilib. Vətən müharibəsi başlayan gündən Həsən də ön sıralarda yer alıb. Oktyabrın 2-də Füzuli istiqamətində cəbhənin yarılmasında və düşmənə ağır zərbələr endirilməsində şücaəti ilə seçilərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhid Həsən Həsənov döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.