İDMAN
Slovakiyalı gimnast: Azərbaycanda məşq üçün yaxşı imkanlar, peşəkar məşqçilər var
Bakı, 18 fevral, AZƏRTAC
Bakıda təlim-məşq toplanışında olan bədii gimnastika üzrə Slovakiya yığma komandasının üzvü Adriana Timkova Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
AZƏRTAC həmin müsahibəni federasiyaya istinadla təqdim edir:
-Adriana, Azərbaycana xoş gəlmisiniz. Özünüz barədə oxucularımıza bir qədər məlumat verərdiniz.
Mənim 19 yaşım var. Slovakiyada yaşayıram, amma Çex Respublikasında anadan olmuşam. Yeddi yaşımdan gimnastika ilə məşğul oluram. Məni bu növə valideynlərim yazdırıblar. Təsadüf nəticəsində idmana gəlsəm də, sonradan bu sahədə bir sıra uğurlara imza atmışam.
-Azərbaycanda keçirilən məşqlər barədə fikirlərinizi bilmək istərdik.
Buradakı məşqlərdə iştirakımda əsas məqsəd idman formamı saxlamaq və alətlərlə texnikamı təkmilləşdirməkdir. Hazırda dünyada COVID-19 pandemiyası ilə əlaqədar çətin vəziyyət mövcuddur. Azərbaycanda məşq üçün yaxşı imkanlar, peşəkar məşqçilər var.
-Arenadakı şəraiti necə dəyərləndirirsiniz?
Bura mənim çox xoşuma gəlir. Əla şərait var. Tavan hündürdür, çoxlu məşq xalçaları, məşqçilər, bizə örnək olacaq kifayət qədər peşəkar gimnastlar var.
-Qarşıda hansı planlarınız var?
Həmişə bir məqsədim olub - özümü təkmilləşdirmək, üzərimdə daha çox çalışmaq. Məhz buna görə bura gəlmişəm. Bu il isə mənim əsas məqsədim Yay Universiadasında iştirak etməkdir.