ELM VƏ TƏHSİL
SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayıb
Bakı, 13 mart, AZƏRTAC
SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, müsabiqə 2018-2019-cu tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycandakı ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. İddiaçılar www.socar.az veb-səhifəsinin “Karyera” bölməsinin “Təqaüd proqramları” alt-bölməsindəki “Şərtlər” və “Suallar”la tanış olduqdan sonra “Qeydiyyat” bölməsində profil yaradaraq proqrama müraciət edə bilərlər. Müsabiqədə iştirak etmək üçün son qeydiyyat aprelin 1-dir.
Xatırladaq ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-2005-ci tədris ilindən etibarən tələbələr üçün Daxili Təqaüd Proqramını təsis edib. Təqaüd proqramı ilk illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün nəzərdə tutulsa da, hazırda ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinə şamil edilir.