İQTİSADİYYAT
“SOCAR PETROLEUM” QSC-nin iki yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-u “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakı-Quba magistralının 88-ci kilometrliyində iki yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və “SOCAR PETROLEUM” QSC-nin nümayəndələri Siyəzən rayonunun Zarat kəndi ərazisində inşa edilmiş, “SOCAR” brendi altında fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqələrinin açılışında iştirak etmişlər.
R.Abdullayev yeni YDM-lərin açılışını bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra ölkə üzrə sayca 15 və 16-cı olan məntəqələrdə yaradılmış şəraitlə tanış olmuşdur. ARDNŞ prezidenti şirkətin əməkdaşlarını bu münasibətlə təbrik edərək görülən işləri müsbət qiymətləndirmiş, qısa müddətdə ölkənin pərakəndə neft məhsulları bazarında həyata keçirilmiş tədbirlərdən razı qaldığını bildirmişdir. O, “SOCAR PETROLEUM” birgə müəssisəsi tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin bundan sonra da yüksək olacağına əminliyini vurğulamışdır.
Sonra ARDNŞ prezidentinə ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma stansiyaları şəbəkəsinin hazırkı durumu haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Bakı-Quba yolunun sağ və sol tərəfində yerləşən YDM-lərdə 100 nəfər işçi çalışacaqdır. Yanacaqdoldurma məntəqələri birinci kateqoriya YDM tipinə aiddir və burada avtoservis, market, kafe, avtoyuma, “Socar FastFood” adlanan ayaqüstü qidalanma və valyutadəyişmə şöbəsi fəaliyyət göstərəcəkdir. Məntəqələrdə POS-terminal quraşdırılmışdır. Burada müəssisə və şirkətlərə məxsus nəqliyyat vasitələri üçün nağdsız hesablaşmaların aparılması məqsədilə “Smart kart” sistemi də fəaliyyət göstərir. Həmçinin YDM-lərdə avtomobillərin icbari sığortası xidməti həyata keçirilir.