REGİONLAR
Son illərdə Ağdam rayonunda 30-dan çox məktəb binası tikilib
![](/files/galleryphoto/2017/3/1200x630/15047722764898637934_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/1504772276910057964_1200x630.jpg)
Ağdam, 7 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Konfransda rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanovanın ötən dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, ötən dərs ilində rayonda 135 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərib, 20 min 588 şagirdin təlim-tərbiyəsi ilə 4 min 35 müəllim məşğul olub.
Diqqətə çatdırılıb ki, son 10 ildə Ağdam rayonunda 30-dan çox məktəb binası tikilib, 15-dən artıq məktəb binası əsaslı təmir olunub. Ötən tədris ilində Mahrızlı kənd və Bənövşələr kənd tam orta məktəbləri əsaslı təmir edilib. 2017-2018-ci tədris ilində Quzanlı qəsəbə tam orta məktəbində riyaziyyat-iqtisadiyyat, Üçoğlan kənd tam orta məktəbində humanitar, Bakı şəhəri Müşfiq qəsəbəsində yerləşən 33 nömrəli köçkün tam orta məktəbində texniki təmayüllü siniflər yaradılacaq.
Qeyd olunub ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 751-i qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib və onlardan 519-u tələbə adını qazanıb. Ağdamlı gənclərdən 71-i 500-600 arası, 36-sı isə 600-dən yuxarı bal toplayıb. Builki məzunlardan 15 nəfəri ali hərbi məktəblərə, 10 nəfər isə C.Naxçıvanski adına hərbi liseyə qəbul olub.
Konfransda çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Aydın Əhmədov və rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov təhsilə göstərilən dövlət qayğısından, təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıblar.
Sonda qabaqcıl təhsil işçiləri mükafatlandırılıb.