SON ON İLDƏ İDMANÇILARİMİZ BÖYÜK UĞURLAR QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, martın 2-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) “Azərbaycan idmanı 1997-2007-ci illər mövzusunda” tədbir keçirilmişdir.BŞGİBİ-nin rəisi Məmmədhüseyn Dadaşov bildirmişdir ki, son dövrlərdə ölkəmizin rəhbərliyinin diqqət va qayğısı sayəsində Azərbaycan idmanı sürətlə inkişaf etmiş, idmançılarımız müxtəlif beynəlxalq miqyaslı yarışlarda, dünya və Avropa çempionatlarında dövlət bayrağımızı yüksəklərə qaldırmışlar. Bu idmançılardan bir çoxu dövlətimizin başçısı tərəfindən mükafatlandırılmışlar.
Azərbaycanda olimpiya hərəkatının tarixi barədə məlumat verən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümumdünya olimpiya hərəkatına qoşulmuşdur. Lakin ilk vaxtlar yetərli diqqət və qayğı göstərilmədiyindən idmançılarımız uğurlu nəticələr əldə edə bilmirdilər. 1997-ci ildə İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra respublikamızda idmanın inkişafı yeni mərhələyə qədəm qoymuş, bölgələrdə olimpiya idman kompleksləri istifadəyə verilmiş, idmançıların mötəbər turnirlərdə uğurlu nəticələr qazanması üçün tədbirlər görülmüşdür.
Gənclər və İdman Nazirliyinin, idman məktəblərinin, cəmiyyətlərinin nümayəndələri son on ildə əldə olunmuş uğurlardan danışmış, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə söz vermişlər.
Sonda 5 mart - Bədən Tərbiyəsi və İdman günü münasibətilə beynəlxalq yarışlarda fərqlənmiş idmançılardan Nicat Şıxəlizadə (cüdo), Vasif Durarbəyli (şahmat), Nigar Bağırova (güllə atıcılığı) və onların məşqçiləri Nağı Babayev, Anar Allahverdiyev, Vladimir Lunyov, eləcə də gənc nəslin sağlam ruhda tərbiyəsindəki xidmətlərinə görə orta ümumtəhsil məktəblərinin 22 nəfər bədən tərbiyəsi müəllimi mükafatlandırılmışlar.