MƏDƏNİYYƏT
“Söztək gözəl Məhsəti” monoqrafiyası nəşr olunmuşdur
Bakı, 17 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademiyanın müxbir üzvü Rafael Hüseynovun “Söztək gözəl Məhsəti” monoqrafiyası nəşr olunmuşdur.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, monoqrafiyada zəngin əlyazma və arxiv materialları, ilk mənbələr, müxtəlif dünya dillərində olan tədqiqat əsərlərinin təməlində Məhsəti Gəncəvinin həyat və yaradıcılığı təhlil edilir, onun Azərbaycan və dünya ədəbiyyatı və mədəniyyətindəki yeri müəyyənləşdirilir. Əsərdə, həmçinin məhsətişünaslığın perspektivləri cızılır, mütəfəkkir şairənin Azərbaycan və dünyaya təqdiminin geniş üfüqləri haqqında mülahizələr irəli sürülür.
“Şərq-Qərb” Nəşriyyat Evində çapdan çıxmış kitabın elmi redaktorları akademiklər Ağamusa Axundov və Vasim Məmmədəliyevdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən nəşr edilmiş kitab şərqşünas və azərbaycanşünas alimlər, filoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.