İDMAN
Stefan Nilson: Avropa Oyunlarında mükafata layiq yer tutmaq çox səy tələb edir
Bakı, 22 iyun, Əziz Məmmədov, AZƏRTAC
Birinci Avropa Oyunlarına çox səylə hazırlaşmışdım. Fəxri kürsüdə dayananda təəssüfləndim ki, Oyunların çempionu ola bilmədim, amma ikinci yer də pis nəticə deyil. Avropa Oyunlarında mükafata layiq yer tutmaq çox səy tələb edir.
Bu sözləri kişilər arasında dairəvi stenddə atəşaçma (skit) üzrə birinci Avropa Oyunlarının gümüş medalına layiq görülmüş İsveç idmançısı Stefan Nilson AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə söyləyib.
Skandinaviya atleti həmçinin Bakı haqqında və birinci Avropa Oyunlarının təşkili barədə öz təəssüratlarını bölüşüb. S.Nilson sözünə əlavə edərək deyib: “Qədim arxitekturası müasir dizaynla həmahəng təşkil edən Bakının gözəlliyinə vuruldum. “Bakı-2015” Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək istəyirəm. Yalnız güclü idman infrastrukturu olan bir ölkə belə qısa müddət ərzində bu cür idman tikililəri yarada bilər. Bakı Atıcılıq Mərkəzi və Atletlər kəndi daha çox xoşuma gəlib. Atletlər kəndində hər otağın eyvanından Bakıya gözəl mənzərə açılır. Burada yeməkxana gecə-gündüz işləyir, gələnlərə ən yaxşı Avropa və Azərbaycan yeməkləri təklif edir. Bundan başqa, voleybol və basketbol kompleksləri, habelə üstüörtülü üzgüçülük hovuzu və məşq zalı olan idman kompleksi də var”.