SUDAN SƏMƏRƏLİ İSTİFADƏ ETMƏK MƏQSƏDİLƏ
Layihənin şərtlərinə uyğun olaraq, Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları ABŞ-ın Kaliforniya ştatında və Meksikada səfərdə olmuş, bu ölkələrin suvarma sistemlərinin idarə edilməsi təcrübəsini öyrənmişlər.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, su ehtiyatları və sudan pullu istifadəyə nəzarət şöbəsinin mütəxəssisləri respublikamızın müxtəlif regionlarında fermerlərlə, su təsərrüfatı işçiləri ilə görüşlər keçirəcək və onlara səfərdə olduqları ölkələrdə müşahidə etdikləri mütərəqqi təcrübə barədə ətraflı məlumat verəcəklər.
Bu layihə yenidən təşkil olunacaq sudan istifadəedənlər assosiasiyalarının fəaliyyətini, suvarma şəbəkələrinə texniki xidməti və onların istismarını, sudan səmərəli istifadəni yaxşılaşdırmağa kömək edəcəkdir.
“Suvarma paylayıcı sistemi və onun idarə olunmasının təkmilləşdirilməsi” layihəsinin həyata keçirilməsi kənd təsərrüfatı məhsulları istehsalını intensivləşdirməyə, onun iqtisadi səmərəliliyini yüksəltməyə və məhsul bolluğunu təmin etməyə zəmin yaradacaqdır. Layihə 2004-2009-cu illərdə respublikanın 11 rayonunda həyata keçiriləcəkdir.