Sudanda oturaq tətilin dağıdılması zamanı üç nəfər həlak olub
Bakı, 3 iyun, AZƏRTAC
Sudanın paytaxtı Xartumda polis və xüsusi təyinatlı dəstələrin oturaq tətilin dağıdılması üçün həyata keçirdikləri əməliyyat nəticəsində az üç nəfər həlak olub, 60-a yaxın insan isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, Sudan Akhbar portalının yaydığı məlumata görə, insident iyunun 3-də səhər saatlarında Silahı Qüvvələrin baş komandanlığınin mənzil-qərargahı önündə baş verib. Qanun keşikçiləri paytaxtın mərkəzində iki ay bundan öncə salınan çadır düşərgəsini dağıtmağa başlayıb. Bir neçə gün əvvəl ordu ölkə təhlükəsizliyinə real təhdid törədən tətilə qarşı hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdi.
Müxalifət buna cavab olaraq sudanlıları ümumi vətəndaş itaətsizliyinə çağırıb. Hazırda etirazçılar tək paytaxtda deyil, həm də Xartuma aid Omdurman şəhərciyində yolları və körpüləri bağlayır, daş və yanan təkərlər vasitəsi ilə qatarları dayandırır. Güc strukturları etirazçılara qarşı gözyaşardıcı qazdan və odlu silahdan istifadə edir.
Oturaq tətilin dağıdılması əməliyyatı başladıqdan sonra Sudan müxalifəti Hərbi Şura ilə dialoqu tam dayandırdığını elan edib.
Xatırladaq ki, aprelin 11-də ölkədə hərbi çevriliş edən Sudan Ordusu dövlət başçısı Ömər əl-Bəşiri hakimiyyətdən uzaqlaşdırıb və ölkədə müvəqqəti Hərbi Şura yaradılıb.