SUMQAYIT MƏKTƏBLƏRİNDƏ SON ZƏNG ÇALINMIŞDIR
Mayın 31-də Sumqayıtdakı 49 orta təhsil müəssisəsində son zəng çalınmışdır. AZƏRTAC-ın müxbiri xəbər verir ki, səhər tezdən şəhərdə canlanma müşahidə olunmuşdur. Müvafiq atributlara uyğun geyinib-kecinmiş 4,5 minədək məzun ənənəvi son zəng mərasiminə toplaşmışdı.
Son zəng şəhərdəki “Təfəkkür” liseyində daha təntənəli şəkildə keçirilmişdir. Tədbirdə çoxsaylı qonaqlar iştirak edirdilər. Təhsildə fərqlənmiş lisey şagirdləri Dövlət himninin sədaları altında bayrağımızı gətirdilər. Məzunları Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Həsənov, onların ilk müəllimləri, sinif rəhbərləri, birinci sinif şagirdləri, valideynləri təbrik etdilər. Məzunların nailiyyətlərindən, onları doğma şəhərin şöhrətini yüksəldən, dinamik surətdə inkişaf edən Azərbaycanın layiqli vətəndaşları görmək arzusundan danışan liseyin direktoru Bəsirə Ağayevanın xeyir-duası rəğbətlə qarşılandı. Türkiyədən zəng edən qitələrarası qiraətçilər müsabiqəsinin qalibi, 10-cu sinif şagirdi Könül Qurbanovanın səsini eşitmək məzunları çox sevindirdi.
Ən yaxşı məzunlar, respublika olimpiadalarının qalibləri birincilərə rəmzi Bilik açarını təqdim etdilər. Budur, həyəcanlı an gəlib çatdı. Uşaqların həyatında yeni mərhələnin başlandığından xəbər verən son zəng çalındı.
Son zəngə həsr olunmuş tədbirlər şəhərin bütün məktəblərində keçirildi. Yeri gəlmişkən, hər bir məktəb bayramı öz ssenarisi üzrə təşkil etmişdi. Bu günü məzunların daha yaxşı xatırlamaları üçün hər cür şərait yaradılmışdı.
Sumqayıt Polis İdarəsinin növbətçi hissəsindən bildirmişlər ki, mayın 31-də şəhərdə heç bir fövqəladə hadisə qeydə alınmamışdır.
Qeyd edək ki, Sumqayıtın orta məktəblərində 44 min şagird təhsil alır, 5 minədək müəllim çalışır. İlkin məlumata görə, bu il ümumtəhsil məktəblərini 5,3 min 9-cu sinif, 4,5 min 11-ci sinif şagirdi bitirmişdir.
Sumqayıtda buraxılış imtahanları artıq ikinci ildir yeni formada - mərkəzləşdirilmiş qaydada keçirilir. İyunun 6-da buraxılış imtahanlarını keçirmək üçün şəhərdə 12 imtahan mərkəzi ayrılmışdır.
######
