Sumqayıt məktəbliləri “Şahin” hərbi-idman oyunlarının zona birinciliyinin qalibi olub
Sumqayıt, 23 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Xaçmaz şəhərində N saylı hərbi hissədə “Şahin” hərbi-idman oyunlarının zona birinciliyi keçirilib. Qələbə uğrunda Sumqayıt şəhərinin, Siyəzən, Abşeron, Quba, Qusar, Şabran, Xızı və Qubadlı rayonlarının komandaları mübarizə aparıb.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC -a bildirilib ki, Sumqayıtı yarışda şəhər birinciliyinin qalibi - Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “Şahinlər” komandası təmsil edib. Gərgin keçən mübarizənin yekununa görə, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın "Şahinlər” komandası 1-ci yerə layiq görülərək zona çempionu olub. Quba məktəbliləri 2-ci, Abşeron rayonunun kollektivi isə 3-cü yerdə qərarlaşıb.
Xatırladaq ki, zona yarışının qalibi mayın 9-10-da Bakıda keçiriləcək respublika birinciliyinə vəsiqə qazanıb.