SUMQAYIT QAZ XİDMƏTİNİN 50 İLLİYİ TAMAM OLMUŞDUR
Mayın 2-də Sumqayıtda, kimyaçıların Ü.Hacıbəyov adına mədəniyyət sarayında şəhərdə təbii qaz istismarı şəbəkəsinin yaradılmasının 50 illiyinə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Sumqayıt Qaz İstismarı İdarəsinin işçiləri ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etmiş və onun önünə gül dəstələri qoymuşlar. Ümummilli liderin nurlu xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir iştirakçıları, o cümlədən “Azəriqaz” QSC-nin regional qurumlarının rəhbərləri və Sumqayıt ictimaiyyətinin nümayəndələri sarayın foyesində şəhərdə qaz xidmətinin yaranmasını və inkişafını əks etdirən fotosərgi ilə tanış oldular.
Sonra qaz sahəsinin Sumqayıt strukturunun yaradılması tarixindən, onun inkişaf yollarından və nailiyyətlərindən söhbət açan videofilmə baxış oldu.
“Azəriqaz” QSC-nin sədri Əlixan Məlikov, Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Sumqayıt Qaz İstismarı İdarəsinin rəisi Eldar Zeynalov və başqaları kollektivi şanlı yubiley münasibətilə təbrik edərək, ölkənin, o cümlədən Sumqayıtın həyat fəaliyyətinin təmin olunmasında bu xidmətin əhəmiyyətini vurğuladılar. Xüsusi qeyd edildi ki, təbii qaz hasilatı həcminin intensiv artımı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bildirildi ki, Prezident İlham Əliyevin atdığı cəsarətli və qətiyyətli addımlar respublikamıza müstəqil siyasət yeritmək imkanı verir, onun dünyadakı mövqeyini möhkəmləndirir.
1958-ci ildə yaradılmış Sumqayıt Qaz İstismarı İdarəsi respublikamızın ən iri qaz istismarı idarələrindən biri olub, Sumqayıta və yaxınlıqdakı iki qəsəbəyə xidmət göstərir. 1960-cı ildə 4 min abonenti olduğu halda, hazırda şəhərin qaz magistrallarının ümumi uzunluğu 20 kilometrdən çoxdur, abonentlərin sayı isə 71 mindir. Şəhərdəki bütün mənzillər qaz sayğacları ilə təchiz olunmuşdur ki, bu da qaza qənaət etməyə və qaz haqqının yığılması səviyyəsinin artmasına şərait yaratmışdır. İdarə işçilərinin əməyi dövlət mükafalarına layiq görülmüş, o cümlədən iki mütəxəssis “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Sonda fərqlənmiş işçilərə “Azəriqaz” QSC-nin və Sumqayıt İcra Hakimiyyətinin fəxri fərmanları, habelə qiymətli hədiyyələr təqdim edildi.
######
