SUMQAYIT VƏ BELARUSUN MOGİLYOV ŞƏHƏRİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 15-də Belarusun Mogilyov şəhərinin nümayəndə heyəti əməkdaşlıq haqqında saziş imzalamaq üçün Sumqayıta gəlmişdir. Səfər proqramı ümummilli lider Heydər Əliyevin abidəsinin və Şəhidlər xiyabanı xatirə kompleksinin ziyarəti ilə başlanmışdır.
Qonaqları salamlayan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev şəhərin tarixindən və sənaye potensialından danışaraq bildirdi ki, bölgələrin intensiv inkişafı ümumi daxili məhsulun artım sürətinə görə artıq bir neçə ildir dünyada lider olan ölkəmizin dinamik inkişafı fonunda baş verir. Ölkəmizin sabit inkişafı isə qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun birgə səyləri sayəsində iki dövlət arasında səmimi, qarşılıqlı surətdə faydalı və perspektivə hesablanmış mehriban münasibətlər yaranmışdır ki, inteqrasiya üçün yaxşı meydan da məhz elə budur.
Sumqayıtın rəhbəri qeyd etdi ki, ötən ilin iyununda Mogilyovun 740 illiyi münasibətilə keçirilən görüşlərdən sonra iki şəhərin investisiya imkanları ətraflı öyrənilmişdir. Zəngin dostluq münasibətləri təcrübəsi olan Sumqayıt öz tərəfdaşları ailəsinə Mogilyov şəhərini də qəbul etməyə hazırdır.
Səmimi qəbula və qonaqpərvərliyə görə sumqayıtlılara minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri, Mogilyov Şəhər Deputatlar Sovetinin sədri Valeri Svistunov həvəslə öz təəssüratlarını bölüşərək dedi: “İnkişafın parlaq göstəricisi olan quruculuq işlərinin vüsəti bizi yaxşı mənada təəccübləndirir. Şahidi olduğumuz Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin xatirəsinə hörmətin və ehtiramın, ölkə Prezidenti İlham Əliyevə məhəbbətin ifadəsi çox şeydən xəbər verir və bu, diqqətəlayiq haldır”.
Görüşdə çıxış edən Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç və başqaları dəqiq hüquqi bazaya söykənən dövlətlərarası münasibətlərin möhkəmlənməsi və inkişafı işində regional əməkdaşlığın əhəmiyyətindən və rolundan danışdılar.
Konstruktiv dialoq şəraitində keçən görüşdə iki şəhər arasındakı münasibətlərin perspektivləri müzakirə olundu.
Tərəflər xoş münasibətlərin əlaməti olaraq bir-birinə kitablar, suvenirlər, və xatirə hədiyyələri təqdim etdilər.
Sonra Sumqayıt və Mogilyov arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin yaradılması və inkişafı haqqında sazişin imzalanması mərasimi oldu. Sənədi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və Mogilyov Şəhər Deputatlar Sovetinin sədri Valeri Svistunov imzaladılar.
Sonda KİV-lərin nümayəndələri üçün mətbuat konfransı oldu.
######
