Sumqayıtda cüdoçularla görüş keçirilib
Sumqayıt, 3 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində şəhərin cəmiyyət və klublarının cüdo bölmələrinin məşqçi-müəllimləri, müəssisə və təşkilatlarının rəhbərlərinin iştirakı ilə yığıncaq keçirilib. Tədbirin məqsədi cari ilin aprel ayında Bakı şəhərində keçirilmiş cüdo üzrə kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan çempionatında əldə olunmuş nailiyyətləri təhlil etmək, qarşıda duran məsələlərin həllinə nail olmaq idi.
AZƏRTAC xəbər verir ki, geniş müzakirələr aparıldıqdan sonra şəhərdə bu idman növünün inkişafı və perspektivli idmançıların üzə çıxarılması məqsədilə vacib qərarlar qəbul olunub.
Tədbirdə iştirak edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov qarşıdakı yarışlarda daha yüksək nəticələrin əldə olunacağına əminliyini ifadə edib.