REGİONLAR
Sumqayıtda elektron dezinfeksiya tunellərinin istehsalı başlayıb
![](/files/galleryphoto/2020/2/1200x630/15884028411414155609_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15884028416399527578_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15884028412417432659_1200x630.jpg)
Sumqayıt, 2 may, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycanın qeyri-neft sektorunun qabaqcıl şirkəti olan Sumqayıt Texnologiyalar Parkı (STP) və ölkəmizin ilk və tək “Ağıllı ev” və “Bina idarəetmə” sistemləri istehsalçısı - “SmartHome” şirkəti elektron dezinfeksiya tunellərinin istehsalına başlayıb. “Elsmart” brendi altında istehsal olunan bu məhsulun elektron sistemi “SmartHome”, konstruksiyası və gövdəsi STP-nin elektrik avadanlıqları zavodunda hazırlanır.
AZƏRTAC xəbər verir ki, dezinfeksiya tuneli tam avtomat rejimdə çalışır. İnsanlar tuneldən keçdikdə hərəkət sensorları sistemi işə salır və qısa müddət ərzində dezinfeksiya məhlulu püsgürdülərək insanın üzəri heç bir toxunma olmadan tam dezinfeksiya edilir.
Mütəxəssislər dezinfeksiya məhlulunun buxar şəklində püskürdüldüyü üçün insanın geyimini yaş etmədiyini bildirirlər. Bu, məhlulun xüsusi mühərrik vasitəsilə 0.3 millimetrlik ucluqlardan yüksək təzyiqlə çıxması hesabına əldə olunur. Nəticədə maye narın yayılaraq toz halında dağılır. Buxar formasına olmasına baxmayaraq geyimlərdəki bakteriya və virusları təmizləməyə kifayət edir. Tunelin insan sağlamlığına heç bir zərərli təsiri yoxdur.
Sistemə istəkdən asılı olaraq 50-200 litr arası çənlər quraşdırılır. 200 litrlik məhlul ilə təxminən 6500-7000 insanın dezinfeksiya etmək mümkündür. İstifadə olunan məhlul xüsusi tərkibə malikdir və Türkiyədə keçirilən testlər vasitəsilə koronavirusu öldürməsi təsdiq olunub.
Dezinfeksiya tunellərindən yalnız pandemiya dövrü üçün deyil, həmçinin mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər. Yeni məhsul məktəblərin, xəstəxanaların, ofis və istehsal sahələrinin, ticarət mərkəzlərinin, avtobus və dəmir yolu vağzallarının, metro stansiyalarının girişlərində və insanların kütləvi hərəkət etdiyi digər məkanlarda quraşdırıla bilər.
Hazırda Texnoparkın elektrik avadanlıqları zavodu gündə 25-30 ədəd məhsul istehsal etməyi nəzərdə tutur. Müəssisədə quraşdırılmış ən son avadanlıqlar sifarişlər artdıqca istehsal həcminin də artırılmasına imkan verir.
Məhsulun sadə konstruksiyası müştərinin istəyinə uyğun dəyişiklik və əlavələr etməyə imkan verir. Asanlıqla xüsusi təkərlər quraşdırılaraq daşınılan versiyasını hazırlamaq da mümkündür.
Dezinfeksiya tunellərinin həm yerli, həm də beynəlxalq bazarda satışı nəzərdə tutulur.