Sumqayıtda keçirilən riyaziyyat üzrə fənn olimpiadasında 600 şagird iştirak edib
Sumqayıt, 1 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Bu günün şagirdi, sabahın alimidir” devizi ilə riyaziyyat üzrə fənn olimpiadası keçirilib. Sumqayıt şəhər məktəblərinin IV-XI sinif şagirdləri arasında keçirilən olimpiada universitetin və Sumqayıt şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə reallaşıb.
SDU-dan AZƏRTAC-a bildirilib ki, olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədilə təşkil olunub.
Sumqayıt şəhərində fəaliyyət göstərən 37 tam orta məktəbdən 600 şagirdin iştirak etdiyi olimpiadanın nəticələri bu həftə açıqlanacaq.