Sumqayıtda Şəhidlər xiyabanına yürüş keçirilib, bulvar ərazisində 11 min ağac əkilib
Sumqayıt, 8 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, hərbçilər və məktəblilər səhər tezdən şəhərdə Heydər Əliyev Mərkəzinin önündən Şəhidlər xiyabanına yürüş ediblər. Əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Milli Məclisin deputatları Hicran Hüseynova, Tahir Mirkişili, Emin Hacıyev, Muşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri Sumqayıtdakı Şəhidlər xiyabanını ziyarət ediblər. Qəhrəman igidlərin məzarı önünə tər güllər düzülüb, dualar oxunub.
Zəfər bayramı tədbirləri çərçivəsində ağacəkmə aksiyası da keçirilib. Gün ərzində Sumqayıt bulvarı ərazisində 11 min ağac əkilib.
Bayramı tədbirləri axşam respublikanın incəsənət ustalarının geniş konsert proqramı ilə davam edəcək, atəşfəşanlıq olacaq.