Sumqayıtda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub
Sumqayıt, 25 fevral, AZƏRTAC
Xocalı faciəsinin 25-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də dərin hüznlə anılır. İdarə və təşkilatlarda, orta və ali məktəblərdə faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri keçirilir, mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər təşkil olunur.
AZƏRTAC xəbər verir ki, fevralın 25-də şəhər rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri Sumqayıt şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Dövlət himni səsləndirilib, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Tarix Muzeyində Sumqayıt şəhərində məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Xocalıdan olan sakinlər həmin gecənin dəhşətlərindən danışıblar.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.