SUMQAYITIN İNKİŞAF PERSPEKTİVLƏRİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransdan məqsəd real vəziyyəti təhlil etmək, aktual problemlər ətrafında müzakirələr aparmaq, tövsiyələr, işgüzar təkliflər irəli sürmək, Sumqayıtın sənaye potensialının ehtiyatlarını artırmaq üçün sənayenin inkişaf strategiyasını hazırlamaqdır.
Konfrans iştirakçıları Mədəniyyət sarayında açılmış sərgi ilə tanış olmuşlar. Sərgidə Sumqayıtın dövlət və özəl sektorlarında fəaliyyət göstərən 50-yə yaxın müəssisənin məhsulları nümayiş etdirilirdi. Sonra “Sumqayıt sənayesinin gələcəyi” sənədli filmi göstərilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında bildirmişdir ki, konfransın mövzusu “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” ölkə Prezidenti Fərmanının ikinci ildönümü münasibətilə çıxışında dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü tələbləri əks etdirir. Proqramda Sumqayıtın inkişafına xeyli diqqət yetirilmişdir.
Sonra şəhərdəki sosial-iqtisadi vəziyyət ətraflı təhlil olunmuş və bildirilmişdir ki, ötən ilin yekunlarına görə rekord səviyyədə - 1 trilyon manatlıqdan artıq sənaye məhsulu istehsal edilmişdir. Sumqayıtda 18 mindən çox yeni iş yeri açılmışdır. Lakin bu proses sənaye müəssisələrində zəif gedir.
Sənaye və energetika naziri Natiq Əliyev demişdir ki, respublika iqtisadiyyatının sabit yüksəlişi, Prezident İlham Əliyevin məqsədyönlü müsbət dəyişiklikləri uğurla həyata keçirməsi makroiqtisadi sabitliyi, ölkənin regionda liderliyini təmin etmişdir. O, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Sumqayıtda həyata keçirilən layihələrin vacibliyindən danışmış, Prezidentin yaratdığı Dövlət Sərmayə Şirkətinin sənayenin inkişafına kömək edəcəyini vurğulamışdır.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri akademik Ziyad Səmədzadə Sumqayıt rəhbərliyinin belə mühüm konfransın keçirilməsi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirərək demişdir ki, şəhərdə hazırlanan biznes layihələrinin peşəkarlıqla təqdimatı məsələnin vacibliyinin başa düşülməsindən xəbər verir, əməkdaşlıq üçün yeni imkanlar açır, nəzərdə tutulanların həyata keçirilməsi yollarını müəyyənləşdirir.
Bir sıra səhmdar cəmiyyətlərinin rəhbərləri müəssisələrin perspektiv inkişafına dair biznes-layihələr təqdim etmişlər. Bildirilmişdir ki, Sumqayıtda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şərait şəhərin özünəməxsus sosial-iqtisadi inkişaf modelini yaratmağa imkan verir.
Konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.