SUMQAYITIN İNKİŞAFI ÜÇÜN YENİ İMKANLAR AÇILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, aprelin 30-da Sumqayıtdakı Üzeyir Hacıbəyov adına mədəniyyət sarayının konfrans salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş “Sumqayıtın sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Konfransda Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Nazirlər Kabinetinin bölmə müdiri Tahir Quliyev, “Azərsu” SC prezidentinin müavini Mirkamil Seyidov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Ələkbərov Məmmədov, Milli Məclisin deputatları Nizami İsgəndərov, İkram İsrafilov, habelə alimlər, bir sıra nazirliklərin, işgüzar dairələrin nümayəndələri, sahibkarlar iştirak edirdilər.
Sarayın foyesində ulu öndərin Sumqayıta səfərlərindən, şəhər sakinləri ilə görüşlərindən söhbət açan böyük fotosərgi nümayiş etdirilirdi. Konfrans iştirakçıları tədbirdən əvvəl şəhərin dövlət və özəl sektorunun 70-dən yuxarı müəssisəsinin məhsulu ilə tanış oldular. Burada quraşdırılmış monitorlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta səfərini əks etdirən videokadrlar nümayiş olunurdu.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev konfransda məruzə ilə çıxış edərək dedi ki, yekunları şəhərin strateji inkişafının cizgilərini müəyyənləşdirən belə konfransların keçirilməsi artıq xoş ənənəyə çevrilmişdir. Sayca altıncı olan bu elmi-nəzəri konfransda, heç şübhəsiz ki, yeni ideyalar, innovasiya təklifləri irəli sürüləcəkdir.
Natiq vurğuladı ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ümumi daxili məhsulun davamlı artımı, yoxsulluğun xeyli azaldılması, ölkə həyatının bütün sahələrində baş verən müsbət dəyişikliklər respublikamızın regionda onun lider statusunu təmin etmişdir. Bu isə ümummilli liderimiz tərəfindən müəyyən olunmuş xəttin təntənəsi deməkdir. Sumqayıtlılar şəhərin inkişafında və təşəkkülündə misilsiz xidmətləri olan Heydər Əliyevin nurlu xatirəsini böyük minnətdarlıq hissi ilə anırlar. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi illərə nəzər salanda aydın şəkildə görünür ki, məhz onun diqqəti və qayğısı nəticəsində Sumqayıtın müsbət, planauyğun və sabit inkişafı təmin olunmuşdur. Ümummilli liderin 2003-cü il aprelin 3-də Sumqayıta səfəri şəhərin inkişafında yeni mərhələ açmışdır. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında hazırda intensiv inkişaf etməkdə olan Sumqayıt respublika bölgələrinin davamlı və dinamik inkişafının parlaq nümunəsidir.
İcra hakimiyyəti başçısının çıxışında Sumqayıtın sosial-iqtisadi inkişafının bütün spektri əhatə olunmuşdu. Şəhər həyatının konkret nümunə, rəqəm və faktlarla əsaslandırılmış geniş palitrası, onun iqtisadi göstəriciləri təqdim olundu. Bildirildi ki, yeni planlarla yaşayan şəhərdə təkcə bu il müxtəlif profilli 26 obyekt istifadəyə veriləcəkdir.
Müzakirələrdə iştirak edən alimlər, mütəxəssislər, idarə və müəssisə rəhbərləri Sumqayıtın gələcək inkişafını müəyyənləşdirən bir sıra aktual, konstruktiv mövzulara toxundular. Şəhərin inkişafının bütün proseslərində ekoloji amilin xüsusi rol oynamasını təmin edəcək Ekoloji vəziyyət fondunun yaradılmasına xüsusi diqqət yetirildi.
Sumqayıt İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş elmi-nəzəri konfrans mövzu dairəsinin genişliyi ilə fərqlənirdi. İşgüzar dialoq şəraitində keçən tədbirdə bütün çıxışlar elmi tədqiqatlar, təhlillər əsasında hazırlanmış slaydların, diaqramların nümayişi ilə müşayiət olunurdu. Konfransda təqdim olunmuş çıxışlar bülleten şəklində buraxılmış, şəhərin 2003-2008-ci illərdə inkişafını işıqlandıran nəfis illüstrasiyalı xüsusi jurnal nəşr olunmuşdu.
Sonda konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etdilər.
######
