ŞUŞA ŞƏHƏRİNİN İŞĞAL OLUNMASININ 14-CÜ İLDÖNÜMÜ RUMINİYADA ANILMIŞDIR
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Rumıniya parlamentinin Azərbaycan Milli Məclisi ilə parlamentlərarası qrupunun üzvləri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Sənaye və Ticarət Palatasının, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının sədrləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türksoylu icmaların təmsilçiləri və KİV nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Şuşa şəhərinin işğalı zamanı həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sopnra ölkəmizin Rumıniyadakı səfiri Eldar Həsənov iştirakçılara Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, burada yaşayan azərbaycanlıların doğma dədə-baba yurdlarından zorla didərgin salınaraq, qaçqın həyatı yaşamağa məcbur etdiklərini bildirmişdir.
Sonra səfir 1992-ci ilin 8 mayının xalqımızın qan yaddaşına yazıldığını, Ermənistanın işğalçı siyasəti, törətdiyi qırğınlar, vəhşiliklər, tarixi saxtalaşdırmaq, təhrif etmək fəaliyyəti, işğal olunmuş ərazilərdə tarixi-mədəni abidələrin məhv edilməsi barədə ətraflı məlumat vermişdir. O xüsusi vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmadığı təqdirdə Azərbaycan dövləti, xalqı öz əzəli torpaqlarının düşmən tapdağı altında qalmasına razı olmayacaq.