“ŞUŞA VƏ ŞUŞALILAR” RETROSPEKTİV FOTOSƏRGİSİ AÇILMIŞDIR
Hərəkatın yaradılmasından məqsəd Şuşanın unudulmasına yol verməmək, Azərbaycan və dünya ictimaiyyətinin diqqətini bir daha onun tarixi-mədəni abidələrinin, mədəni irsinin qorunmasına, erməni vandalları tərəfindən sökülub-dağıdıldığına cəlb etmək, erməni əsarətində qalan şəhərin təbliği ilə bağlı müxtəlif tədbirlər keçirməkdir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar mayın 1-də Muzey Mərkəzində Bakı İncəsənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa və şuşalılar” adlı retrospektiv fotosərgi açılmışdır.
Sərgidə əslən şuşalı və ya uzun müddət burada yaşamış zadəganların, tanınmış ziyalıların, mədəniyyət və sənət adamlarının təklikdə, yaxud ailəliklə şəhərin mədəni-tarixi abidələrinin 150-dən artıq fotoşəkli mərkəz tərəfindən bərpa olunduqdan sonra təqdim edilir. Fotoşəkillər ailələrdən, şəxsi kolleksiyalardan toplanmışdır.
Sənətşünaslıq doktoru, professor İlham Rəhimli, “Şuşa uğrunda” Ümumazərbaycan İctimai-Mədəni Hərəkatı təşkilat komitəsinin sədri Rafael Gülməmmədli və başqaları açılış mərasimində əsir Şuşamızın yetirdiyi görkəmli ictimai-siyasi xadimlərindən, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərindən, mədəniyyətimizin inkişafında onların əvəzsiz xidmətlərindən söz açmışlar. Şuşanın unudulmamasında, onun təbliğində sərginin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Sərgi mayın 10-dək davam edəcəkdir.