ŞUŞALILAR ANMA MƏRASİMİ KEÇİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, mayın 8-də - Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 16-cı ildönümü günü anma mərasimi keçirilmişdir.
Dağlar şəhərinin yüzlərlə sakini əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı üzərinə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuş, məzarı üzərinə gül düzülmüşdür.
Şuşalılar oradan Şəhidlər xiyabanına gəlmişlər. Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov, rayon ictimaiyyətinin nümayəndələri, tələbə və məktəblilər, keçmiş döyüşçülər, tanınmış şuşalı ziyalılar Qarabağ müharibəsi cəbhələrində həlak olmuş Vətən oğullarının, o cümlədən burada dəfn edilmiş Şuşa şəhidlərinin xatirəsini ehtiramla anmış, məzarları üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoymuşlar.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Elxan Ələkbərov müxbirimizə demişdir ki, Şuşanın işğalından 16 il keçir. Hər il burada anma mərasimi keçirir, şəhidlərin məzarını ziyarət edir, onlara Allahdan rəhmət diləyirik. 2004-cü ildən isə həm də Fəxri xiyabanda olur, ümummilli liderin xatirəsinə ehtiramımızı bildiririk. Respublikanın 60-a yaxın rayonunda məskunlaşmış şuşalılar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkə rəhbərliyinin yeritdiyi siyasəti ümidlə izləyir, bu siyasətin uğur qazanacağına inanırlar. Bütün şuşalılar doğma yurda qayıtmaq ümidi ilə yaşayırlar. Yeri gəlmişkən, bəzi mətbuat nümayəndələri hərdən “Şuşa azad olunandan sonra şuşalılar geri qayıdacaqlarmı” sualını verirlər. Mən bunu təkcə şuşalılar üçün deyil, işğal olunmuş digər rayonların sakinləri üçün də təhqir sayıram. İnsan üçün doğma yurdun, doğma ocağın cazibəsindən güclü bir şey varmı?!
Şuşalılar geri qayıdacaqları günü səbirsizliklə və inamla gözləyirlər. Bu inamı onlarda Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları oyatmışdır. Dövlət başçımızın Ramanada rayonumuzun Malıbəyli və Quşçular kəndlərinin sakinləri üçün salınmış 450 ailəlik qəsəbənin açılışında verdiyi cəsarətli bəyanat hələ də qulaqlarımda səslənir: “Azərbaycan dövləti heç vaxt milli maraqlara uyğun olmayan addımları atmaz. Biz öz doğma torpağımızı müdafiə edəcəyik və ərazi bütövlüyümüzü bərpa edəcəyik... Siz öz doğma torpaqlarınıza mütləq qayıdacaqsınız!”. Bu sözlər bizdə qürur hissi doğurmaqla bərabər ümidimizi, inamımızı da artırmışdır:
Şuşalıların xeyir-şərinin yaraşığı, ağsaqqal Səttar Məhərrəmov həmişəki kimi gümrah görünsə də, nisgilini gizlədə bilmədi: “Şuşanı hər gecə yuxuda görürəm. Hövlnak oyanıram, səhərə qədər gözümə yuxu getmir. Fikrən oralarda dolaşıram. Bu yaxınlarda nəvəm mənə hansı qəzetdənsə Şuşa barədə şeir oxudu. Məni yaman tutdu. Bir bəndi yadımda qalıb: Yenə açılırmı o nərgiz, süsən, Şuşanın həyatı o həyatdımı? Yalçın qayaların qıy vurub süzən Məğrur qartalları salamatdımı? Allah Prezidentimizə kömək olsun, onun siyasəti sayəsində Şuşanı geri alacağıq. İnanırm ki, Allah mənə hələ ömür verəcək və o günü görəcəyəm.
######
