“Synergy Baku” velosiped komandası “Tour de Maroc” yarışında uğurlu çıxışını davam etdirir
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Mərakeşdə təşkil olunan ongünlük “Tour de Maroc” yarışında uğurlu çıxışını davam etdirir. Təmsilçilərimiz Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun 4-cü mərhələsini uğurla başa vurublar.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildiriblər ki, kifayət qədər çətin dağ yolları ilə yadda qalan 191 kilometrlik marşrutu yığma komandamızın üzvü Kiril Pozdnyakov 5 saat 28 dəqiqə 15 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 13 saniyə qabaqlayıb və birinci mərhələdə olduğu kimi, yenidən “solo-finiş” edib. Bundan başqa, velosipedçimiz sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib və beşinci mərhələyə lider köynəyi ilə başlayacaq.
“Synergy Baku”nun digər üzvü Yosip Rumaç dağlıq yollarda topladığı xallar hesabına ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan “Dağlar Kralı” köynəyinə yiyələnib. Bütün bunlar komanda üzvlərimizin dördüncü mərhələnin yekununda üç dəfə fəxri kürsüyə qalxması ilə nəticələnib.
Bu gün keçiriləcək beşinci mərhələdə iştirakçılar 155 kilometr məsafə qət edəcəklər.
Mərakeş turu komandamız üçün mayın 3-7-də keçiriləcək “Tour d'Azerbaidjan” yarışına hazırlığın əsas hissəsini təşkil edir.