“Synergy Baku” velosiped komandasının üzvü Mərakeşdəki “Tour de Maroc” yarışında mərhələ qalibi olub
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Mərakeşdə təşkil olunan ongünlük “Tour de Maroc” yarışında uğurlu çıxışını davam etdirir. Təmsilçilərimiz Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun yeddinci mərhələsini də uğurla başa vurublar.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 184,5 kilometrlik marşrutun əvvəlindən ön sırada qərarlaşan elit yığma komandamızın üzvü Elçin Əsədovun təqib qrupu ilə vaxt fərqi hətta müəyyən zaman kəsiyində yeddi dəqiqədən də çox olub. Bu üstünlüyünü sonadək qoruyan velosipedçimiz Mərakeş idmançısı Hatim Kamruçi ilə finişi 4 saat, 57 dəqiqə, 11 saniyəyə keçib və fotofinişə əsasən mərhələnin qalibi adını qazanıb. “Synergy Baku”nun digər üzvü Yosip Rumaç isə 18 saniyə geri qalmaqla yeddinci mərhələni üçüncü yerdə bitirib. Y.Rumaç ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan “Dağlar Kralı” köynəyini də özündə saxlayır.
Bu gün keçiriləcək səkkizinci mərhələdə iştirakçılar 148,5 kilometr məsafə qət edəcəklər.
Xatırladaq ki, Mərakeş turunun birinci və dördüncü mərhələləri Azərbaycanın elit yığmasının digər üzvü Kiril Pozdnyakovun qələbəsi ilə yekunlaşıb və hazırda idmançımız ümumi təsnifatda üçüncü yerdə qərarlaşıb.
Komandamızın uğurlu çıxışı mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının iştirakçı ölkələrindən olan Mərakeşdə Azərbaycanın daha geniş təbliğ olunmasında böyük əhəmiyyət daşıyır. Bundan başqa, Mərakeş turu “Synergy Baku” üçün mayın 3-7-də keçiriləcək “Tour d'Azerbaidjan” yarışına hazırlığın əsas hissəsini təşkil edir.