ELM VƏ TƏHSİL
TANINMIŞ ALİMİN 80 İLLİYİ QEYD OLUNMUŞDUR
Bakı, 18 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasından , (AMEA) bildirmişlər ki Kibernetika İnstitutunda tanınmış alim və pedaqoq, əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı akademik Cəlal Allahverdiyevin anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev C.Allahverdiyevin mənalı ömür yolundan, geniş elmi yaradıcılığından danışmışdır.
C.Allahverdiyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspirantı olmuşdur. 1957-ci ildə MDU-da namizədlik, 1968-ci ildə SSRİ EA Tətbiqi Riyaziyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir. Alim bir neçə dərs vəsaitinin, 120-dən çox elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə onlarla namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.
C.Allahverdiyev hazırda Bakı Dövlət Universitetində və AMEA-nın Kibernetika İnstitutunda elmi, fəaliyyətini uğurla davam etdirir.
Akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Asəf Hacıyev və digər çıxış edənlər C.Allahverdiyevin elmə verdiyi dəyərli töhfələri qeyd etmiş, yubilyara yeni nailiyyətlər arzulamışlar.