Tapqaraqoyunluda 9M22U raketinin partlamış motor hissəsi aşkarlanıb
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də saat 15:35-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Goranboy rayonu, Tapqaraqoyunlu kəndi ərazisində, fermanın yaxınlığında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxananın Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 millimetrlik 9M22U raketinin partlamış motor hissəsi aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin hissəsinin ətrafında 500 kvadratmetr əraziyə yerüstü, 200 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.