TARİXİMİZ VƏ GƏLƏCƏYİMİZ
AZƏRTAC xəbər verir ki, mayın 26-da Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasının 90-cı ildönümünə həsr olunmuş “Tariximiz və gələcəyimiz” mövzusunda konfrans keçirilmişdir.
Konfransda YAP Gənclər Birliyinin sədri Ramil Həsənov, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, professor Nuru Məmmədov 28 Mayın Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd etmişlər. Xalqımızın öz müqəddəratını özü təyin etmək hüququ uğrunda kəşməkəşli mübarizəsi 1918-ci il mayın 28-də şərəfli qələbə ilə - Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə başa çatmışdır.
Bildirilmişdir ki, cəmi 23 ay ömür sürmüş milli hökumət 1920-ci ilin aprelində bolşeviklərin təcavüzü nəticəsində devrilmişdir. Azərbaycanın ikinci dəfə öz müstəqilliyini ötən yüzilliyin sonlarında, 1991-ci ilin oktyabrında bərpa etdiyini vurğulayan natiqlər bir əsrdə ikinci dəfə əldə edilmiş bu müstəqilliyin qorunub saxlanması üçün xalqımızın çox məşəqqətlərlə üzləşdiyini diqqətə çatdırmışlar.
Vurğulanmışdır ki, müstəqil dövlətimizin təşəkkül tapmasında ən böyük xidmətlər ümummilli liderimız, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsusdur. Ulu öndərimiz Heydər Əliyev siyasi fəaliyyətinin bütün dönəmlərində hansı vəzifəni tutmasından asılı olmayaraq, daim xalqının azadlığını və müstəqilliyini düşünmüş, var qüvvəsi ilə buna çalışmışdır.
Natiqlər Heydər Əliyevin istər 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra, istərsə də 1993-cü ildə dövlətin və millətin gələcək taleyinin sual altında qaldığı vaxtlarda xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlət suverenliyi və müstəqilliyinin, sözün əsl mənasında, real məzmun kəsb etdiyini xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev məktəbinin yetirməsi və onun siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bütün varlığı ilə bu əzəmətli yürüşə başçılıq edir. Prezident İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində ümummilli liderimizin başa çatdıra bilmədiyi işlər ardıcıl həyata keçirilir.