TATYANA KƏRİMOVA: “ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEV QƏLƏBƏ BAYRAMINI BİZƏ QAYTARDI”
Mayın 6-da Rusiya Federasiyasının Bakıdakı səfirliyi tərəfindən “Roszarubejsentr”in Azərbaycandakı nümayəndəliyi və Azərbaycan xalqlarının “Sodrujestvo” Respublika Həmrəylik Cəmiyyəti ilə birgə keçirilmiş “dəyirmi masa”nın leytmotivi belə olmuşdur: “Böyük qələbənin 63-cü ildönümü və 1941-1945-ci illərdə faşizmin darmadağın edilməsinə Azərbaycanın töhfəsi”.
Tədbiri giriş sözü ilə Azərbaycan xalqlarının “Sodrujestvo” Respublika Həmrəylik Cəmiyyətinin sədri, Azərbaycanda yaşayan həmvətənlərin ictimai təşkilatları Koalisiya Şurasının sədri Tatyana Kərimova açmışdır. O, faşist Almaniyası üzərində böyük qələbə bayramına ümummilli lider Heydər Əliyevin çox böyük əhəmiyyət verməsi barədə yığıncaq iştirakçılarına məlumat vermişdir. T.Kərimova Heydər Əliyevin imzaladığı ilk fərmanların biri ilə veteranlara və döyüş meydanlarından geri qayıtmamış, bizim işıqlı gələcəyimiz naminə canlarından keçmiş insanlara münasibətdə ədaləti bərpa etmiş olduğunu vurğulayaraq demişdir: “Heydər Əliyev qələbə bayramını bizə qaytardı”.
Rusiya Federasiyası səfirliyinin müşaviri Svetlana Kosinçikova RF-nin Azərbaycandakı səfiri Vasili İstratovun Böyük Vətən müharibəsi veteranlarına təbrikini oxumuş, Böyük Vətən müharibəsinin veteranları olan RF vətəndaşları Valentina Treskova və Taisiya Jukovaya isə Prezident V.Putinin təbriki çatdırılmışdır. RF-nin Azərbaycandakı səfirliyinin müşaviri, “Roszarubejsentr”in Azərbaycandakı nümayəndəsi İqor Jukov Böyük qələbənin təkcə keçmiş Sovet İttifaqı xalqları üçün deyil, bütün dünya üçün əhəmiyyətindən söhbət açmışdır.
Sonra çıxış edən veteranlar: Azərbaycan müharibə veteranları - alay yoldaşları seksiyasının sədr müavini, birinci dərəcəli kapitan Aleksandr Qritçenko, istefada olan birinci dərəcəli kapitan Vitali Paşits, istefada olan polkovnik İsmayıl Qasımov, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi Müharibə Veteranları Şurasının sədri Kərim Məmmədəlizadə, Məhbubə Sultanova və başqaları müharibənin onlar üçün ən əlamətdar epizodları, arxa cəbhədə çalışan Azərbaycan zəhmətkeşlərinin Hitler faşizmi üzərində qələbəyə verdikləri töhfə barədə danışmışlar.
Qələbəyə həsr edilmiş şeirlər səslənmiş, sinələrini döyüş orden və medalları bəzəyən, özlərini bəxtəvər hiss edən məğrur veteranlar sanki cavanlaşaraq “Katyuşa” mahnısını oxumuşlar.
######
