TBİLİSİDƏ AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisi şəhərində xalqımızın ulu öndəri Heydər Əliyevin anım günü keçirilmişdir.
Tədbir ümummilli liderin Tbilisidəki abidəsinin ziyarəti ilə başlanmış, “Pirosman” sərgi salonunda davam etdirilmişdir. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, bu ölkədəki azərbaycanlı iş adamları, burada yaşayan soydaşlarımızın nümayəndələri büstün önünə əklillər, gül-çiçək dəstələri qoymuşlar.
“Pirosman” sərgi salonunda əlamətdar yubiley şərəfinə foto və rəsm sərgisi keçirilmişdir. “Gənc Heydərçilər” Gəncə Uşaq Rəsm Qalereyası üzvlərinin, Gürcüstan Rəssamlıq Akademiyasının III kurs tələbəsi Nailə Rzayevanın, Nikoladze adına Tbilisi rəssamlıq texnikumunun IV kurs tələbəsi Əli Əliyevin rəsmləri nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmiz və bölgə üçün əvəzsiz xidmətlərindən, sülhün, sabitliyin, iqtisadi inkişafın təmin olunması istiqamətində uzaqgörən siyasətinin uğurlarından söhbət açmışdır. Səfir Azərbaycan-Gürcüstan münasibətləri, qlobal layihələrin gerçəkləşməsi sahəsində ulu öndərin xidmətlərini xüsusi vurğulamış, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tərəfindən Heydər Əliyev şəxsiyyətinin hörmətlə xatırlanacağını demişdir.
Mərasimdə iştirak edən Gürcüstan parlamenti sədrinin müavini Camal İnaişvili Heydər Əliyevi nəinki Azərbaycan, eyni zamanda bölgə, dünya miqyaslı əvəzolunmaz lider kimi xarakterizə etmişdir.
Yubiley tədbirlərində Gürcüstanın hakim partiyasının baş katibi Zurab Melikişvili, Kvemo-Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze və digər rəsmi şəxslər iştirak etmişlər.