Tbilisidə radiotezliklər və elektron rabitə texnologiyaları üzrə ekspertlərin görüşləri keçirilir
Tbilisi, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Tbilisidə radiotezliklər və elektron rabitə texnologiyaları üzrə ekspertlərin görüşləri başlayıb.
İki gün davam edəcək görüşlərdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tənzimləmə şöbəsinin baş məsləhətçisi Ülkər Sadıqova və Radiotezliklər üzrə Dövlət Komissiyasının katibi Salman Hüseynov təmsil edirlər.
S.Hüseynov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, tezlik zolaqlarının istifadəsi üzrə ekspert qrupunun toplantısında rəqəmsal yayımlarda tezlik zolaqlarından istifadənin koordinasiyası məsələləri müzakirə olunub.
Rabitə sahəsində tənzimləyicilərin növbəti görüşündə iştirak edən Ü.Sadıqova isə bildirib ki, toplantıda əsasən elektrik rabitəsi bazarlarının tənzimlənməsinin Avropa Komissiyasının müəyyən etdiyi normalara uyğunlaşdırılması məsələləri müzakirə olunub, müqayisəli təhlil aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi