Tehranda “avtomobil kinoteatrı” təşkil olunub
Tehran, 2 may, AZƏRTAC
İranda əhalinin asudə vaxtının səmərəli təşkili və koronavirusun yayılmaması üçün xüsusi “avtomobil kinoteatrı” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Tehrandakı Milad qülləsi ətrafındakı geniş ərazidə böyük ekran quraşdırılıb və İranın milli istehsalı olan filmlər nümayiş edilir. Tamaşaçılar isə avtomobillərindən düşmədən filmi seyr edirlər. Çox da baha olmayan bileti internet üzərində də almaq olar.
“Kinoteatra” daxil olmazdan əvvəl avtomobillər dezinfeksiya edilir. Tehran sakinləri burada sosial məsafəni gözləməklə asudə vaxtlarını səmərəli keçirirlər. Açıq havada təşkil edilən “kinoteatrda” filmlər yalnız axşam vaxtları nümayiş edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran