Tehranda Münxen Təhlükəsizlik Konfransının Təməl Qrupunun iclası keçirilir
Tehran, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Tehranda Münxen Təhlükəsizlik Konfransının Təməl Qrupunun iclası öz işinə başlayıb. Dünyanın 60-dan çox tanınmış siyasi xadiminin, beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə Almaniyanın, Əfqanistanın, Livanın, İraqın xarici işlər nazirləri də iştirak edirlər.
Azərbaycan bu tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov tərəfindən təmsil olunur.
İclası İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif açaraq dünyada və regionda baş verən münaqişələrdən və onların aradan qaldırılması yollarından danışıb.
Almanıyanın xarici işlər naziri Frank-Valter Ştayenmayer çıxış edərək münaqişələrin həlli üçün ölkəsinin təkliflərini irəli sürüb.
İştirakçılar Suriya, İraq, Əfqanistan və Liviyadakı gərgin vəziyyəti müzakirə edəcək, beynəlxalq terrorçuluqla mübarizə və Avropaya axın edən qaçqınların problemlərini nəzərdən keçiriləcəklər.
Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransı 1962-ci ildə NATO üzü olan dövlətlərin məşvərət məclisi kimi yaradılıb. Hazırda bu qurun beynəlxalq foruma çevrilib və onun tədbirlərində dövlət rəsmiləri ilə yanaşı, görkəmli diplomatlar, iş adamları, siyasi və hərbi xadimlər iştirak edərək beynəlxalq səviyyəli aktual problemləri müzakirə edirlər.
Münxen Təhlükəsizlik Konfransının Təməl Qrupunun növbəti tədbiri Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçiriləcək.
Rabil Kətənov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran