“Təhsil” Respublika İdman Mərkəzinin basketbolçuları respublika birincisi olub
Şəki, 3 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 3-də İdman Məktəblərinin IX Respublika Oyunlarının proqramına daxil olan 2004-2005-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında basketbol üzrə respublika birinciliyinin final mərhələsinə yekun vurulub. Şəki Olimpiya İdman Kompleksində 8 komandanın mübarizə apardığı final oyunlarında “Təhsil” Respublika İdman Mərkəzinin komandası daha uğurlu çıxış edərək respublika birinciliyinin qalibi adını qazanıb. Sonrakı yerləri Gəncə şəhərinin və Bakı Uşaq-Gənclər Şahmat İdman Məktəbinin komandaları tutublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki şəhər Gənclər və İdman İdarəsindən məlumat verilib.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən respublika birinciliyi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın kütləviliyinin təbliği məqsədi daşıyıb.
Birincilikdə ilk yerləri tutan komandalar mükafatlandırılıblar.