TƏKRAR SEÇKİLƏRLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR
Milli Məclisə mayın 13-dəki təkrar seçkilərlə əlaqədar Gəncədə Avropa Şurasının və Seçki Sistemləri Üzrə Beynəlxalq Fondun (İFES) təşkilatçılığı ilə seminar-treninq keçirilmişdir. Nəticələri ləğv olunmuş 5 dairənin əhatə etdiyi 7 rayondan, o cümlədən Ağdam, Gədəbəy, Zaqatala, Qazax, Tovuz, Ağstafa və Gəncənin Nizami rayonları dövlət qurumları nümayəndələrinin, dairə seçki komissiyası sədrlərinin, hüquq mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi seminar-treninqi Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Tahir Süleymanov açaraq, seçkilərin demokratik, ədalətli və şəffaf keçirilməsi üçün görülən işlərlə bağlı ətraflı məlumat vermişdir. Avropa Şurasının Azərbaycandakı informasiya ofisinin rəhbəri İlqar İbrahimlinin, Seçki Sistemləri Üzrə Beynəlxalq Fondun Azərbaycan üzrə rəhbəri Daniyel Blessinqtonun, Mərkəzi Seçki Komissiyasının böyük məsləhətçisi Elşad İsmayılovun beynəlxalq seçki standartları, qeyri-hökumət təşkilatlarının seçkilərdə rolu, seçici siyahıları, Seçki Məcəlləsinin pozulmasına qarşı MSK tərəfindən görülən tədbirlər, müşahidəçilərlə iş mövzularında məruzələri dinlənilmişdir.
Müzakirələrdə bildirilmişdir ki, Azərbaycan hakimiyyəti təkrar seçkilərə böyük əhəmiyyət verir və seçkilərin azad və demokratik keçirilməsi üçün siyasi iradə nümayiş etdirir. Seminar-treninq iştirakçıları seçki prosesinə hazırlıqla əlaqədar görülən tədbirlərdən danışmış, bir sıra məsələlərə dair fikir mübadiləsi aparmışlar.