Tələbə-Gənclər Həftəsi ilə bağlı tədbirlərə minifutbol birinciliyi ilə start verilib
Naxçıvan, 11 noyabr, AZƏRTAC
Noyabrın 10-dan 17-dək Tələbə-Gənclər Həftəsi ilə bağlı tədbirlər planına uyğun olaraq Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində minifutbol üzrə “Tələbə kuboku” uğrunda yarış keçirilib. Ali və orta ixtisas təhsili müəssisələrindən yarışa qatılan 5 komanda Olimpiya sisteminə əsasən mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, finalda Naxçıvan Tibb Kollecindən 7:2 hesabı ilə üstün olan Naxçıvan Dövlət Universiteti yarışın qalibi olub. Rəqib ikinciliklə kifayətlənib. Üçüncülük görüşündə isə “Naxçıvan” Universiteti 8:6 hesablı nəticə ilə Naxçıvan Müəllimlər İnstitutunu məğlub edib.
Qeyd edək ki, noyabrın 10-dan etibarən Tələbə-Gənclər Həftəsi çərçivəsində müxtəlif idman birincilikləri, intellektual yarışlar, film nümayişləri və ekskursiyalar təşkil olunacaq. Tədbirlər noyabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi ilə yekunlaşacaq.