“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu keçirib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təlimdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları, eləcə də akademiyanın kollektivi iştirak edib.
Tədbirdə çıxış edən akademiyanın tədris və tərbiyə işləri üzrə prorektoru Zahid Şərifov keçirilən tədbirin əhəmiyyətindən danışıb, əldə olunacaq biliklərin fövqəladə hallar zamanı iştirakçıların həm özlərinin, həm də ətrafdakıların təhlükəsizliyini təmin etməkdə böyük kömək göstərəcəyini qeyd edib.
Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112 - qaynar xətti” və “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.
Təlim kursunda iştirak edən ATGTİ-nin nümayəndəsi tədbirin təşkilinə dəstək göstərən FHN-nə minnətdarlığını bildirib.
Bakı Regional Mərkəzinin nümayəndəsi fövqəladə hadisələrdən heç kəsin sığortalanmadığını vurğulayaraq, belə hadisələrə hazırlıq üçün maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.