SİYASƏT
TELEVİZİYA EKRANI QARŞISINDA
QURTULUŞ
Milli Qurtuluş günü münasibətilə iyunun 22-də Azərbaycan televiziyası efirə getmiş növbəti verilişin mətnini oxuculara təqdim edirik.
APARICI: İyun hadisələri Azərbaycan dövlətçiliyi tarixində milli birliyin yaradılmasının, vətəndaş sülhünün bərqərar olmasının, müstəqilliyin qorunub saxlanılmasının vacibliyini ön plana çəkdi. Bu, elə bir dövr idi ki, Cəbhə hakimiyyəti Azərbaycanı siyasi və iqtisadi paradokslar burulğınına salmışdı. Ölkə idarəedilməz vəziyyətə düşmüş, xaos və anarxiya adamları bezdirmişdi. Çıxılmazlıq və ümidsizlik içində çırpınan xalqın tələbi ilə iyunun 15-də Ali Sovetə sədr seçilən Heydər Əliyen Azərbaycanı bürüyən qaranlıqlara işıq saldı, qırılan ümidlər təcrübəli siyasi xadimin qayıdışı ilə inama, sabaha kökləndi.
Nəhayət ki, xalq Heydər Əliyev zəkası, Heydər Əliyev qüdrəti ilə qəddini düzəltdi. Dövlətçiliyin xilası yolunda hamının gözündə bir ümid çırağı yandı.
İSGƏNDƏR MUSTAFAYEV (sosial müdafiə sahəsinin işçisi): 15 iyun çağdaş dövlətçilik tariximizin ən şərəfli səhifəsinin yazıldığı gün, milli istiqalalımızın, milli dövlət quruculuğumuzun bünövrəsinin qoyulduğu, milli ruhumuzun dirçəldiyi gündür. Doğrudur, 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini əldə etdi. Lakin o vaxt siyasi hakimiyyətdə olan insanlar milli məfkurədən məhrum idilər. Sonralar hakimiyyətə gələn Xalq Cəbhəsi dövründə də onların siyasi təcrübəsinin yoxluğundan, milliliklə dövlətçiliyin birləşməsi mümkün olmadı. Məhz buna görə də biz milli dövlətçiliyimizin bünövrəsinin qoyulması 15 iyun 1993-cü ildən başlandığını deyirik. Məhz bu tarixdən başlayaraq, ölkəmizdə sağlam mənəvi mühit yaradılmışdır. Ölkəmizin dinamik inkişafının bünvrəsi qoyulmuş, hakimiyyətsizliyə, anarxiyaya, başıpozuqluğa son qoyulmuşdur. Cəmiyyətin sosial, iqtisadi, mənəvi inkişafı üçün demokratik islahatlar həyata keçirilmişdir. Beynəlxalq aləmdə baş verən mürəkkəb ictimai-siyasi proseslərə baxmayaraq, Azərbaycan özünün müstəqilliyini qoruyub saxlaya bilmişdir. Bizim bütün bu nailiyyətlərimiz möhtərəm cənab Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Xalqımız da haqlı olaraq, bu böyük tarixi şəxsiyyəti özünün xilaskarı hesab edir.
Azərbaycanın zəngin dövlətçilik tarixi var. Ölkəmizin ərazisindəki qədim dövlətlər, orta əsrlərdə olan imperiyalar, xanlıqlar, Azərbaycan Xalq Cümhuriyyətin qurumları olan hətta Azərbaycan Sovet Sosialist Respublikası bizim milli dövlətçiliymizin ayrı-ayrı məqamlarıdır. Doğrudur, bunların arasında tarixi varislik olmasa da, mədəni-mənəvi varislik olubdur. Zəngin dövlətçilik təcrübəsinə malik cənab Heydər Əliyev keçmişi inkar siyasətindən fərqli olaraq, xalqımızın milli dövlətçilik quruculuğunda təkamül və varislik yolunu üstün tutdu. Xalqımızın milli-mədəni irsinə söykənən, onun ümumbəşəri dəyərlərdən qaynaqlanan inkişaf yolunu üstün tutdu. Az bir vaxtda dünyanın siyasət səhnəsində fəal subyektlərdən birinə çevrildi. İndi hər bir azərbaycanlı müstəqil, azad dövlətin vətəndaşı olmaqdan sonsuz qürur və məmnunluq hissi keçirir.
Cənab Heydər Əliyevin çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, onun dönməzliyinin təmin olunması kimi şərəfli vəzifəni yerinə yetirməklə məhdudlaşmır. Eyni zamanda, tarixi şüurumuzun, dövlətçilik ənənələrimizin üzə çıxması, vətəndaşlarımızda milli şüurun formalaşması üçün məqsədyönlü iş aparılır. Cənab Prezident çox haqlı olaraq qeyd edir ki, əgər xalq öz dövlətini qurur, iqtisadiyyatını inkişaf etdirir, sərhədlərini möhkəmləndirir və o sərhədlər daxilində yad bir mənəviyyat saxlayırsa, o xalqın mütləq azadlığından söhbət gedə bilməz. Ona görə də cənab Heydər Əliyev yarım əsrlik siyasi fəaliyyətini məhz bu istiqamətə yönəldibdir. Məhz buna görə də Azərbaycan xalqının ürəyində bu böyük, görkəmli dövlət adamına sonsuz məhəbbət və istək var. Xalqımız haqlı olaraq onu çağdaş dövlətçilik tariximizin banisi hesab edir.
Artıq 10 yaşını qeyd etdiyimiz Azərbaycan dövlətçiliyinə əxlaqdan, mənəviyyatdan, insanlıqdan kənar siyasi fəaliyyətlə məşğul olan qara əllər uzanır. Bu əllər İsa Qəmərovun, Rəsul Quliyevin əlləridir. Qoy, insanlar o illəri - ölkənin xaos, anarxiya vəziyyətində olduğu dövrü unutmasınlar. Buna görə də Azərbaycan xalqının böyük əksəriyyəti böyük öndərimiz, tanınmış siyasi xadim Heydər Əliyevi daim müdafiə edəcək, dəstəkləyəcək və onu milli dövlətçiliyimizin memarı, qurucusu və yaradıcısı hesab edəcəkdir.
AĞALAR ABBASBƏYLİ (professor): Heydər Əliyev 1993-cü ildə xalqın iradəsi ilə yenidən hakimiyyətə gəldikdən sonra xalqın inamını özünə qaytardı. Başa düşmək lazımdır ki, bu xalq yaşamalıdır. Əgər o dövrdə, Allah eləməsin, Heydər Əliyev olmasaydı, bilmək olmazdı, bu gün Azərbaycan vardı, ya yox. Çünki bir tərəfdən, ermənilər Azərbaycan torpaqlarını zəbt edirdilər. Digər tərəfdən, separatçı ünsürlər əmələ gəlmişdi, “Talış-Muğan Respublikası” yaratmaq meylinə düşənlər vardı. O dövrdə Azərbaycanın rəhbərliyi, - buna rəhbərlik də demək olmaz, çünki onlar rəhbərlik edə bilmirdilər, - qaçıb gizlənmişdi. Son zamanlar müxtəlif mətbuat orqanları, ya sağdan, ya da soldan müxtəlif insanlar, siyasi partiyaların liderləri yazır, deyirlər ki, Heydər Əliyevi guya onlar rəhbərliyə gətiriblər. Mən qəti olaraq bildirirəm ki, 1993-cü ildə Heydər Əliyevi heç bir partiya, heç bir qüvvə rəhbərliyə qaytarmayıbdır. Heydər Əliyevi hakimiyyətə xalq gətiribdir. Əgər xalqın istəyi olmasaydı, o heç vaxt rəhbərliyə qayıtmazdı. Bu, xalqın iradəsi idi. O, öz xalqına arxalanaraq, cəsarətlə, inamla hakimiyyətə gəldi.
O günlər - iyunun 16-sı, 18-i, 20-də deyilən sözləri də yəqin xatırlayırsınız. Bizim o vaxtkı başabəla rəhbərlərimiz qaçıb haradasa gizlənmişdilər, qalanları da vəzifələrini “dondurmuşdu”. Vəzifəni dondurmaq nə deməkdir? Mən deyərdim ki, bu, yeni rəhbərliyə - Heydər Əliyevə qarşı təxribat idi. Yəni Heydər Əliyev də vəzifədən imtina etsin, o birilər kimi qaçıb getsin.
O vaxtkı rəhbərlərin ikisi şimala, biri isə cənuba qaçdı. Onların biri mərhumdur, Allah rəhmət eləsin. O birilər - Vəzirov və Mütəllibov sağdır. Xalqını qoyub qaçan rəhbər fəraridir. Çünki prezident ölkənin ali baş komandanıdır. Əgər o, xalqını qoyub qaçırsa, fərari hesab olunmalıdır.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı mən deyərdim ki, dünyada belə bir analoq olubdur. XX əsrdə Fransanın böyük oğlu Şarl de Qoll xalqın iradəsi ilə ikinci dəfə hakimiyyətə qayıdıbdır. Fransa yaşayıb, inkişaf edibdir, indi ən nüfuzlu dövlətlərdən biridir.
Heydər Əliyev də XX əsrdə xalqın iradəsi ilə hakimiyyətə qayıdıbdır. O dövrdə hakimiyyətə gələn bu insan üçün şərait yaratmaq əvəzinə, təxribatla məşğul olmağa başladılar. Əgər 1993-cü il iyunun 20-22-nə nəzər salsaq, deyərdim ki, o vaxt baş verən hadisələrə heç kəs tab gətirə bilməzdi. Bunlara dözə bilmək üçün Heydər Əliyev kimi dahi olmaq lazım idi.
AYNUR SOFİYEVA (Milli Məclisin deputatı): İyun hadisələri ən yeni tariximiz olduğundan, əlbəttə, hər birimiz o günləri, o dövrü xatırlayırıq və xatırlamalıyıq da. Xatırlamalıyıq ki, bəzi yaddaşı zəif olanlar bu gün həmin günləri, yəni Azərbaycan tarixinin ən faciəli günlərini bir daha yada salsınlar. Xatırlamalıyıq ki, həmin illərdə uşaq olan, bu gün isə gələcəyimiz kimi baxdığımız gənclər düzgün yol tutsunlar.
O dövrdə böyük təhlükəni hiss edərək, konkret, real bir konsepsiya hazırlanmalı, konkret siyasət yürüdülməli idi. Bütün qüvvələr həmin problemlərin həllinə yönəldilməli idi. Əlbəttə, bütün bunlar üçün bir liderə ehtiyac var idi. Elə bir liderə ki, xalq arasında nüfuza malik olsun və xalqı öz arxasınca apara, xalqın potensialını düzgün istiqamətləndirə bilsin.
Xalq başa düşürdü ki, belə çıxılmaz vəziyyətdən onu yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyev də bütün ömrünü xalqına həsr etmiş bir insandır və bu ağır dövrdə xalqını tək qoya bilməzdi. O, xalqının köməyinə gəldi və Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən xilas etdi. Müharibə məsələsində də düzgün mövqe tutdu, həmin dövrün real vəziyyətindən çıxış edərək, atəşkəsə nail oldu. İctimai-siyasi sabitlik yaratdı. Çox qısa bir müddətdə Azərbaycan dünya miqyasında özünə layiqli yer tutdu, hörmət qazandı. İndi Azərbaycan gündən-günə inkişaf edir və bütün bunlara görə biz Heydər Əliyevə borcluyuq.
APARICI: Heydər Əliyevin ölkədə siyasi sabitlik yaratdığı həmin çətin günlərdə Cəbhə-Müsavat iqtidarı ona kömək etmək, çıxılmaz vəziyyətdən qurtulmaq əvəzinə, başqa yol tutdu. İyunun 17-dən-18-nə keçən gecə Əbülfəz Elçibəyin hamıdan xəbərsiz qaçması, Kələkiyə üz tutması yeni bir çaxnaşmaya səbəb oldu. Təbiidir ki, bu, mövcud gərginliyi bir qədər də artırdı. Hadisələri öz məcrasına qaytarmağa çalışan Heydər Əliyev üçün əlavə problemlər yaratdı.
İyunun 16-da Elçibəy üç əsas güc strukturunun - milli təhlükəsizlik, müdafiə və daxili işlər nazirlərinin istefasını qəbul etmiş, onları işdən kənarlaşdırmışdı. Ölkə demək olar ki, müdafiəsiz qalmışdı. İyunun 18-də Ali baş komandan Əbülfəz Elçibəyin özünün də fərarilik etməsi ölkənin yarıtmaz müdafiəsi sahəsindəki vəziyyəti daha da gərginləşdirmişdi.
Bir tərəfdən surətçilərin Bakıya yaxınlaşması, digər tərəfdən cəbhə bölgəsindəki uğursuzluqlar və xüsusilə Əbülfəz Elçibəyin qaçması ilə eyni vaxtda Ağdamın strateji yüksəkliklərinin işğal olunması Ermənistan silahlı qüvvələrinin yeni-yeni torpaqlarımızı zəbt etməsi üçün zəmin yaratdı.
MUSA ŞİRİNOV (şəhid atası): Bu vəziyyətdən Azərbaycan xalqını Heydər Əliyev qurtardı. Bizim başımıza gələn oyunların hamısı indi müxalifətdə olan bir sıra adamların törətdikləri nanəcib hərəkətlərin nəticəsi idi. Ermənilər Qubadlı rayouna girə bilmirdilər və girə bilməzdilər də. Təxribat hesabına Qubadlı bir gündə boşaldıldı.
15 iyunda Azərbaycan xalqının üzünə günəş doğdu. Həmin gün xalqımıza həyat, yaşayış, gələcək verdi. 15 iyunu unutmaq olmaz. Həmin gün Azərbaycan xalqını yüksəltdi, dünyaya bəyan etdi ki, belə bir dövlət, respublika var. Ona görə də hamımız Heydər Əliyevə minnətdarıq və ömrümüz boyu minnətdar olacağıq. O, Azərbaycan xalqı üçün yaranıbdır.
15 iyunu tarix kitablarına yazmaq lazımdır. Gələcək nəsil tarixdən oxumalıdır ki, elə bir ağır vəziyyətdən Azərbaycan xalqını kim qurtarıbdır.
BƏXTİYAR ƏSGƏROV (tələbə): Xalqın iradəsi ilə cənab Heydər Əliyev hakimiyyətə gəlmişdi, Ali Sovetin sədri seçilmişdi. O dövrdə Azərbaycan çox çıxılmaz bir vəziyyətdə idi. Köhnə sovet imperiyasını yenidən qaytarmaq istəyənlər də vardı. Həmin dövrdə Ali Sovetdə elələri var idi ki, onlar doğrudan da Azərbaycanın müstəqilliyinə inanmaq istəmirdilər. Bilirsiniz, İsa Qəmbərin o dövrdə, habelə iyun hadəsələrindən sonrakı illərdəki çıxışları, indi qəzetlərdəki çıxıxşları çox yersizdir. Çünki onlar bir il müddətində Azərbaycan üçün heç nə etmədilər, əksinə, özlərinin səriştəsizliklərini göstərdilər.
APARICI: Ölkədə siyasi böhran səngisə də, gərginlik hələ qalırdı. Məhz belə ağır dövrdə Milli Məclisin iclaslarında Əbülfəz Elçibəyin qaçması müzakirələrə səbəb oldu. Bəyin silahdaşları məntiqsiz çıxışları ilə fərari dostlarına haqq qazandırır, Kələkini az qala respublikanın paytaxtına çevirmək istəyirdilər.
İyunun 20-21-də Amerika Birləşmiş Ştatları, Türkiyə və başqa ölkələrin Azərbaycandakı diplomatları, BMT-nin o zaman ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mahmud əl-Səid ilə görüş və söhbətləri Heydər Əliyevin siyasi müdrikliyinin bir daha təsdiqi oldu.
Elçibəyin yenidən Bakıya qayıtması üçün göstərilən cəhdlər nəticəsiz qalırdı. İyunun 18-də, 20-də, 21-də Milli Məclisdə gedən müzakirələrdə Əbülfəz Əliyevə ünvanlanan müraciətlər nə qədər çox olsa da, o, Kələkidən aralanmaq fikrində deyildi.
İyunun 21-də Milli Məclisin sessiyasında bu məsələ bir də müzakirə olundu. Həmin sessiyanın materiallarını nəzərinizə çatdırırıq. Diqqət yetirin, haqdan, ədalətdən, demokratiyadan dəm vuran Cəbhə-Müsavat cütlüyü öz fərari rəhbərlərinin bu üzdəniraq hərəkətinə necə bəraət qazandırmaq istəyir. Özlərinin bəsit mülahizə və təklifləri ilə hamının nifrətini qazanırdılar. O gün də belə idi, bu gün də belədir.
HEYDƏR ƏLİYEV: Yetərsay var, Məclis öz işinə başlaya bilər. Məclisin bugünkü iclası yenə də, müəyyən qədər növbədənkənar xarakter daşıyır. Təbiidir ki, indi respublikada olan mövcud vəziyyətlə əlaqədardır. Şübhəsiz ki, bu günlər bizim hamımız bu proseslərdə iştirak edirik və hər saat, hər dəqiqə işlərin həll olunması üçün səy göstəririk. Respublikada vəziyyət mürəkkəb və gərgin olaraq qalır. Gərginliyi yaradan əsas səbəb Gəncə hadisələri və onun nəticələri ilə əlaqədar olan amillərdir.
Bildiyiniz kimi, bir neçə gün Surət Hüseynovla aparılan danışıqlar nəticəsində onun tabeliyində olan hərbi hissələr əvvəlki günlərdə tutduqları mövqelərdən tərpənməmişdilər, bəziləri isə onun göstərişi ilə Qarabağ bölgəsinə göndərilmişdi. Ancaq dünən məlumatlar gəldi və bu da şəhərdə təşviş doğurdu ki, onun bəzi hissələri artıq bilavasitə şəhər ərazisinə yaxınlaşıblar. Yenə də danışıqlar aparıldı. Onların bir hissəsi artıq şəhərin ətrafında olan yerlərdə dayanıblar.
Qarabağ və Ağdam bölgəsində vəziyyət gərgin olaraq qalır. Belə bir şəraitdə dünən biz - Ali Sovetin rəhbərliyi, Nazirlər Kabinetinin rəhbərliyi, bir neçə nazirliklərin rəhbərləri, məsul şəxslər, şəhərin rəhbərliyi Ali Sovetdə toplaşıb mövcud vəziyyəti müzakirə etdik, yenə də çıxış yolları aramaqla məşğul olduq.
Əbülfəz Elçibəylə əlaqə yaratmağa çalışdıq. Dedilər ki, müəyyən qədər rabitə yaranıbdır. Düzdür, rabitə o qədər də yaxşı işləmir. Belə qərara gəldik ki, bu gün Milli Məclisin iclasını keçirək, bir də məsləhətləşək.
Bildiyiniz kimi, dünən mən brifinq keçirməyə məcbur oldum. Çünki vəziyyəti aydınlaşdırmaq lazım idi. Bir çox suallar, bir çox anlaşılmazlıqlar, fikirlər var, bəzi şayiələr gəzir. Bizdə olan məlumatlar çərçivəsində və tutduğumuz mövqe əsasında onları mətbuata, informasiya orqanlarına, ictimaiyyətə - həm respublika, həm də dünya ictimaiyyətinə bildirmək lazım idi.
Brifinqdə verilən sualları cavablandıraraq mən vəziyyəti və Ali Sovetin sədri kimi tutduğum mövqeyi elan etdim. Güman edirəm ki, siz bunu seyr etmisiniz və bu, hamınıza məlumdur. Ona görə orada söylədiklərimi burada təkrar etməyi artıq hesab edirəm. Bunların əsasında fikir mübadiləsi aparmaq və bir qərara gəlmək üçün bu gün Milli məclisin iclasının keçirilməsini qərara aldıq.
Mən dünən brifinqdə də bəyan etdim, indi Milli Məclisin üzvlərinə də və buraya toplaşmış digər şəxslərə də bildirmək istəyirəm ki, heç bir kadr dəyişikliyi aparılmır. Bəzi informasiya orqanları belə məlumat verir ki, Ali Sovetin sədri məsləhətləşmələr aparır, koalision hökumət yaratmaq istəyir. Bunlar hamısı həqiqətdən kənardır, belə təşəbbüs, işlər, fikirlər yoxdur. Çünki Azərbaycanın Prezidenti Əbülfəz Elçibəyin iştirakı olmadan bunları etmək mümkün deyildir. Mən bunları lüzumsuz hesab edirəm.
Ancaq mən Əbülfəz Elçibəylə danışdım, təklif etdim ki, təcili olaraq qayıtsın, gəlsin, məsələləri birlikdə həll edək. Ancaq o, bəzən bunlara naməlum cavablar verir, bəzən də deyir ki, hələ mən gəlməyəcəyəm. Dünən o, xahiş etmişdi ki, onunla əlaqə yaratsınlar. Daxili İşlər nazirinin vəzifəsini icra edən Rövşən Cavadov, müdafiə nazirinin vəzifəsini icra edən Səfər Əbiyev, milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Namiq Abbasov Əbülfəz Elçibəylə telefonla danışıblar, istədiyi məlumatları ona veriblər. Onların bizə bildirdiklərindən belə məlum oldu ki, Əbülfəz Elçibəyin Bakıya qayıtması, öz vəzifəsini icra etməsi haqqında fikirləri ona söyləyiblər.
Naxçıvan MR-in baş naziri Şəmsəddin Xanbabayev mənim xahişimlə dünən Kələki kəndinə getdi. Əbülfəz Elçibəy axşama yaxın onu qəbul edib. Mən Şəmsəddin Xanbabayevə demişdim, mənim sözlərimi ona çatdırsın ki, Əbülfəz Elçibəy Bakıya qayıtmalıdır. O, qəti cavab verməyib. Xanbabayevin orada aldığı məlumatlardan belə aydın olub, Əbülfəz Elçibəy hələ ki, qayıtmaq fikrində deyildir. Onunla danışan bəzi şəxslərə də deyib, nə qədər ki, Surət Hüseynovun hərbi dəstələri Bakının ətrafından çəkilməyib, mən Bakıya qayıtmayacağam.
Dünən Türkiyənin xarici işlər naziri Hikmət Çətin, baş nazirin vəkili Ərdal İnönü mənə telefon etmişlər, bu söhbət gecə saat 11-12 radələrində olubdur. Onlara belə səhv məlumat çatıb ki, artıq Surət Hüseynovun qoşunları Bakıya daxil olublar. Narahat olmuşdular, onlarla da ətraflı söhbətlər etdim.
Onlar da burada olan vəziyyətdən çox narahatdırlar. Bir daha bildirdilər ki, Azərbaycanda gedən proseslərin qanun çərçivəsində həll edilməsinin tərəfdarıdırlar. Şübhəsiz ki, mənim onlarla - həm Prezident Süleyman Dəmirəllə, həm də dediyim şəxslərlə, Türkiyənin başqa rəhbər şəxsləri ilə dəfələrlə danışıqlarım olubdur. Mən onlara bildirmişəm və brifinqdə də bunları demişəm ki, Ali Sovetin sədri kimi qanundan kənar, Konstitusiyadan kənar və ümumi demokratik prinsiplərdən kənar heç bir hərəkətin baş verməsinə yol verməyəcəyəm. Bu barədə mənim mövqeyim qətidir.
Mən dünən hörmətli Ərdal İnönüyə və hörmətli Hikmət Çətinə bildirdim ki, biz bu mövqedəyik. Ancaq məsələləri bu çərçivədə və bu yolla həll etmək üçün mütləq Əbülfəz Elçibəy öz iş yerində olmalıdır. Əbülfəz Elçibəy Azərbaycanın Prezidentidir. Biz tərəfdən onun Azərbaycan Prezidenti olmağı inkar edilmir. Dəfələrlə biz bunu demişik və bu gün də deyirik. Ancaq əgər Əbülfəz Elçibəy Bakıdan kənardadırsa, iş yerində deyilsə, bir dağ kəndində - Kələkidədirsə, onun oradan Azərbaycanı idarə etmək imkanları yoxdur. Ona görə əgər siz də bu məsələlərin qanun yolu ilə həll olunmasını istəyirsinizsə, təsir edin ki, Əbülfəz Elçibəy tezliklə Bakıya qayıtsın.
Ərdal bəy mənə bildirdi ki, o, dünən Əbülfəz Elçibəylə telefon əlaqəsi yaratmaq istəyib, yanında olan şəxslər onun məşiğul olduğunu deyiblər. Sabah danışa biləcəyini deyiblər. Bu danışıqlar necə olub, onu bilmirəm. Ona görə də biz indi məsləhətləşməliyik və bu gün bir fikrə gəlməliyik ki,- nə etməli?
Əbülfəz Elçibəyin Bakıya qayıtması ilə bağlı danışıqlar nəticə vermir. Milli Məclisin üzvləri də öz mövqelərini, öz fikirlərini bildirməlidirlər. Yaxud da başqa məsləhətlər verməlidirlər. Biz ümumi bir fikrə gəlməliyik. Mənim məlumatlarım qısadır. Mövcud vəziyyət haqqında bizim daxili işlər naziri vəzifəsini icra edən Rövşən Cavadov, müdafiə naziri vəzifəsini icra edən Səfər Əbiyev qısa məlumat versinlər. Mən istəməzdim ki, bu məlumatlar Qarabağda olan vəziyyət haqqında olsun. Çünki o proseslər indi gedir. Ancaq indi Surət Hüseynovun hərəkətləri və onun qoşunlarının Bakıya yaxınlaşması ilə əlaqədar yaranmış vəziyyət barədə məlumat versinlər. Necə baxırsınız, buna ehtiyac var? Lazımdır. Etirazınız yoxdur.
TOFİQ ƏZİZOV \Ali Sovetin deputati\. Heydər müəllim, xahiş edirəm, deyəsiniz, Prezident olan yerdə məxfi rabitə xətti var, yoxsa yox?
HEYDƏR ƏLİYEV: Məxfi rabitə xətti yoxdur, Mən srağagün onunla danışanda biz nə qədər çalışdıq, amma səs çox zəif gəlirdi. O da eşidə bilmədi, mən də eşidə bilmirdim. Təkcə hiss edə bilirdik ki, o nə deyir, mən nə deyirəm. İndi rabitə ancaq ümumi xətt vasitəsilədir. Xüsusi rabitə xətti yoxdur.
TOFİQ ƏZİZOV: Çox sağ olun.
HEYDƏR ƏLİYEV: Başqa sual yoxdur? Rövşən Cavadovdan xahiş olunur buyursun.
RAUF İSMAYILOV \Ali sovetin deputati\: Mən çox xahiş edirəm, bu, bizim komissiyaya aid olan məsələ olduğuna görə, televiziya ilə translyasiya edilməsin. Camaat arasında çox böyük gərginlik, çaşqınlıq var. Axşam Milli Məclisin iclasının qərarı ilə bağlı qısa reportaj verərlər.
HEYDƏR ƏLİYEV: Bilirsiniz, respublikada vəziyyət indi o qədər gərgindir ki, camaat hər şeyi bilməlidir. Bilmiyəndə cürbəcür şayiələr yayılır. Amma biləndə dəqiq məlumat alır. Mən hesab edirəm ki, birbaşa yayımın xeyri var, zərəri yoxdur. Etiraz etmirsiniz. Buyurun.
RÖVŞƏN CAVADOV: Möhtərəm sədr!
Hörmətli millət vəkilləri!
Ümumi vəziyyət haqqında məlumatımız var. Surət Hüseynova tabe olan hərbi hissələrin bir hissəsi Lökbatan istiqamətində mövqe tutmuşdur. Bir hissəsi isə Şamaxı yolunun 78-ci kilometrində mövqe tutmuşdur. Açığını deyim ki, onların hərbi qüvvələri danışıqlar vasitəsi ilə hələlik saxlanılmışdır. Amma vəziyyət ciddi olaraq qalır. Onların şəhərə girə biləcək qədər qüvvələri var.
HEYDƏR ƏLİYEV: Səfər Əbiyev.
SƏFƏR ƏBİYEV: Hörmətli sədr!
Hörmətli deputatlar!
Nazir vəzifəsini icra edən polkovnik Əbiyev məruzə edir. Respublikadakı siyasi şəraitlə əlaqədar cəbhədə son dərəcə gərgin vəziyyət yaranmışdır. Bildiyiniz kimi, Ağdam istiqamətində qanlı döyüşlər gedir. Zənnimcə, vəziyyət sizə bəllidir və burada əlavə məlumat verməyə ehtiyac yoxdur. Burada deyildi ki, erməni qüvvələri yolu kəsmişlər. Bu, yalandır. Yola biz nəzarət edirik, amma vəziyyət olduqca ağırdır. İndi biz Ağdərə istiqamətində çətin hücum olacağını gözləyirik. Bildiyiniz kimi, bu cür vəziyyət Gəncədə baş vermiş hadisələrdən sonra yaranmışdır. Bizə bir tərəfdən onlar, digər tərəfdən də cəbbədə ermənilər zərbə vurdular, Bu, Azərbaycanda daxili vəziyyətdə böyük gərginlik yaratmışdır.
Dünən mən Prezidentlə danışdım, ona vəziyyət barədə məlumat verdim. Ondan buraya qayıdıb, müdafiə, milli təhlükəsizlik və daxili işlər nazirlərinin fəaliyyətini əlaqələndirməyi xahiş etdim. O, mənə dedi ki, Daxili İşlər Nazirliyi ilə özünüz danışın, orada çətin bir şey yoxdur. Lakin siz bilirsiniz, bunu necə etmək olar? Gəncə tərəfdən müəyyən qüvvələrin Bakı istiqamətində hücuma keçməsi ilə əlaqədar Müdafiə Nazirliyi qüvvələrinin bir hissəsi həmin istiqamətlərə göndərilmişdir. Biz Müdafiə Nazirliyi rəhbər heyətinin iclasında belə bir qərar qəbul etdik ki, Milli Məclisin qərarı olmadan silahlı qüvvələrdən istifadə etməyə ixtiyarımız yoxdur. Biz bu qərarı Prezidentə çatdırdıq. Lakin bəziləri bizim qərarımızla razı deyildilər. Amma mən belə düşünürəm ki, bu, qanuni bir qərardır.
Zənnimcə, belə bir ağır vəziyyətdə, - mən hər şeyi sizə açıb danışmayacağam, bu, hərbi sirdir, - Prezident tərəfindən hansısa bir ümumi rəhbərlik gərəkdir. Əgər yaxın vaxtlarda, bu gün və ya sabah qərar qəbul olunmasa, yəqin təsəvvür edirsiniz ki, bu, nə kimi nəticələrə gətirib çıxara bilər.
SUAL: Sizə iki sualım var. Ali baş komandan kimi Prezident sizin qəbul etdiyiniz strateji və taktiki planları təsdiq etməlidirmi? Əgər etməlidirsə, onda ikinci sual yaranır. Bu planları şəhər telefonu ilə təsdiq etmək mümkündürmü?
SƏFƏR ƏBİYEV: Zənnimcə, cavab hamıya aydındır. Əgər biz hər hansı strateji vəzifələri yerinə yetirməli olsaq, bu, döyüş əməliyyatları meydanında istifadə edilə biləcək bütün qüvvələrin cəlb olunmasına gətirib çıxaracaqdır. Bu, ancaq Prezidentin rəsmi təsdiqi ilə olmalıdır, müdafiə naziri təkbaşına qərar çıxara bilməz.
Odur ki, belə qərarları və ya təsdiqləri telefon vasitəsilə vermək, sadəcə olaraq, mümkün deyildir. Üstəlik, bildiyiniz kimi, telefonlara bütün xətt boyunca qulaq asırlar.
HEYDƏR ƏLİYEV: Sağ ol, polkovnik Əbiyev. Milli təhlükəsizlik nazirini əvəz edənə qulaq asmağa ehtiyac varmı? Yoxdur. Kimin nə fikri var, nə etmək lazımdır?
ARİF RƏHİMZADƏ \Ali Sovetin deputatı\: Respublikada çox ağır vəziyyət yaranıb. Mənə elə gəlir, o haqda danışmağa ehtiyac yoxdur. Eyni zamanda vəziyyət də bu yolla heç cür düzəlməyəcəkdir, çünki ixtiyar, səlahiyyət bir adamın əlindədir. Oturub Kələki “bunkerində”, guya oradan rəhbərlik edir. Bu rəhbərlik də necədir - hamıya bəllidir. Belə fikirləşənlər var ki, məsuliyyət Bakıda qalanların üzərinə düşür. Necə fikirləşsələr də, Prezident çox böyük məsuliyyət daşıyır. Ancaq mən bu haqda danışmaq istəmirəm, bir məsələni aydınlaşdırmaq istəyirəm. Prezident fikirləşir ki, onun gəlməməsi ilə Surət Hüseynov buraya gələcək, ya gəlməyəcək.
Prezident Əbülfəz Elçibəy yalnız öz canını götürüb qaçıbdır, özünü qoruyur və belə vəziyyət yaranıb ki, dövlət də, xalq da onun üçün boş bir şeydir, əfsanədir. Özünü götürüb qaçıb, bütün milləti də burada girov qoyub. Belə bir vəziyyətdə çıxış yolu nədə ola bilər? Mən hesab edirəm, yeganə yolu odur ki, Prezident bu gün bəyan etsin ki, o, səlahiyyətini Sizə verir. Konstitusiyaya görə bu aydın bir məsələdir.
Mən ikinci bir məsələni də demək istəyirəm. İnanmıram ki, bu addımı Prezident özü atıbdır. Onu məcbur ediblər, onu aparıb indi də orada saxlayırlar və o, indi də öz düşüncəsi ilə hərəkət etmir. Odur ki, mən hesab edirəm, əlbəttə, Prezident xalqa müraciət etsəydi, - dünən də onun buna imkanı var idi, - desəydi ki, məni oradan buraya gətiriblər, məni xilas edin, Prezident kimi mən öz xalqıma rəhbərlik etmək istəyirəm, bu, tamamilə başqa olardı. Ancaq görünür, buna da iradəsi çatmır. Belə vəziyyətdə mən hesab edirəm ki, Prezident gərək istefa versin. Əgər o, bunu etmirsə, Konstitusiya imkan verir ki, Prezident öz vəzifələrini heç cür icra edə bilmirsə, onun səlahiyyəti Ali Sovetin sədrinə keçməlidir.
Gərək indi fikirləşək, biz bir adamın, bir şəxsiyyətin təhlükəsizliyi haqqında düşünməliyik, onu təmin etməliyik, yoxsa xalqın? Tərəzinin bir gözünə Əbülfəz Elçibəy qoyulubdur, o biri gözünə Azərbaycanın müstəqilliyi, dövlətçiliyi və sair. Mənə elə gəlir ki, biz gərək ciddi bir qərar qəbul edək.
HEYDƏR ƏLİYEV: Tahir Əliyev.
TAHİR ƏLİYEV: Bu gün respublikada yaranmış vəziyyətdən çıxmaqdan ötrü Ali baş komandan Bakı şəhərində olmalıdır. Konstitusiyamızda yazılıbdır ki, prezidentin iqamətgahı Bakı şəhərindədir. Hamımız da yaxşı başa düşürük ki, Azərbaycanı indiki vəziyyətdə Ordubaddan idarə etmək mümkün deyildir. Bir tərəfdən deyirik ki, məlumat var ki, Füzuli, Ağdam, Ağdərə tərəflərə hücum olacaq. O biri tərəfdən də, bu barədə verilən sualların heç birinə cavab verə bilmirik.
Hesab edirəm ki, Ali baş komandanın təcili olaraq Bakı şəhərinə qayıtması üçün bu gün Milli Məclis qərar qəbul etməlidir. Əks halda respublikanın yarısı əldən gedir. Heydər müəllim, xahiş edirəm, mənim bu təklifimi səsə qoyasınız. Hüquq mühafizə orqanlarından da xahiş edək ki, prezidentin mühafizəsini təmin etsinlər.
HEYDƏR ƏLİYEV: Ədalət Rəhimli.
ƏDALƏT RƏHİMLİ \Milli Məclisin sabiq deputatı\: Hörmətli sədarət, hörmətli millət vəkilləri!
Bizim deputat yoldaşlarımızın, o cümlədən Milli Məclisin çox qəribə ənənələri var. Biz öyrəşmişik ki, həmişə burada olmayan adamları, səlahiyyəti olmayan adamları təhqir edək, tənqid edək, ona qara yaxaq və özümüzə siyasi kapital yığaq. Mən bu hadisələri təkrar etmək istəmirəm. Heydər bəy, bunu siz də görmüsünüz. İndi Əbülfəz bəy yoxdur. O, öz kürsüsünü qoyub getmişdir. Ali Sovetin sədri və baş naziri istefa vermişlər. Ona görə də burada kimisə günahlandırmaqla heç nəyə nail ola bilməyəcəksiniz. Mən belə başa düşürəm ki, ayrı-ayrı adamların təsiri ilə, təklifi ilə Əbülfəz bəy heç vaxt istefa verməyəcəkdir. İstəyirsiniz ki, Əbülfəz bəyi buraya çağırıb məcbur edəsiniz ki, istefa versin. Bu, ağlabatan şey deyildir. Sağ olun.
HEYDƏR ƏLİYEV: İnqilab Nadirov.
İNQİLAB NADİROV/deputat/: Hörmətli sədr, respublikamızın indiki kimi ağır və faciəli bir dövrü olmayıbdır. Belə bir vaxtda Prezident Elçibəyin qaçıb Naxçıvanın ən uzaq bir dağlıq kəndində gizlənməsi xalqa xəyanətdən başqa bir şey deyildir. O, Konstitusiya qarşısında and içib, Qurana əl basıb, Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini təmin edəcəyinə söz veribdir. Həm də Azərbaycanın sərhədlərinin qorunmasına and içibdir. Xalqı bu vəziyyətdə qoyub getməsi onun həm andına, həm də xalqına xəyanətidir. Ona görə də hesab edirəm ki, bizim bütün hərəkətlərimiz Konstitusiya daxilində olmalıdır, qanun daxilində olmalıdır. Çox gərgin vəziyyətdir. Elə başa düşürəm ki, bu gün Milli Məclis prezidentə Bakıya bir gün ərzində gəlmək üçün vaxt vermək barədə qərar qəbul etməlidir. Əgər gəlməsə, sabah onun səlahiyyətlərini alıb, Milli Məclisin sədrinə vermək lazımdır. Xahiş edirəm ki, mənim bu təklifimi səsə qoyasınız.
HEYDƏR ƏLİYEV : Dövlət katibi Əli Kərimov.
ƏLİ KƏRİMOV\sabiq dövlət katibi\: Hörmətli sədr, hörmətli millət vəkilləri. Əvvəla, mən hamınızdan xahiş etmək istərdim ki, nəzərə alasınız, hələ ki, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəydir və onun haqqında danışanda etik normalara riayət edək.
Burada belə bir fikir səsləndi ki, Əbülfəz Elçibəy öz canını bütün xalqdan artıq istəyib və bütün bu işləri ona görə görüb ki, canını qurtarsın. Əgər belə olsaydı, Əbülfəz Elçibəy başqa cür də hərəkət edə bilərdi. Onun belə imkanı var idi. O, qətiyyətli mövqe tutardı, zor göstərərdi, qan tökərdi, özünü də, hakimiyyətini də saxlaya bilərdi. O, bunu etmədi.
Bu məsələlərin müzakirə olunduğu bütün müddət ərzində, demək olar, əksər siyasi liderlər tərəfindən belə bir xətt bəyan edilir ki, Azərbaycandakı bu gərginlik Konstitusiya çərçivəsində, qanunlar çərvivəsində həll olunmalıdır. Çox gözəl prinsipdir. Mən soruşuram, əgər elədirsə, biz doğrudan da qanunçuluğu gözləyiriksə, ayın 10-dan 21-nə kimi respublikada baş verən hadisələrə niyə münasibət bildirmirik? Ayın 4-dən 10-na qədər olanlar haqqında komissiya var, yaxşı. Bu komissiya müəyyənləşdirəcək, kim təqsirkardır. Ayın 10-dan 21-nə qədər, bu günə qədər respublikanın yarısında qanuni hakimiyyət orqanları zorakılıqla devrilib, hətta bu gün Bakı şəhəri Qaradağ rayon icra hakimiyyətinin başçısı götürülübdür.
Bütün bunların hamısı bizim gözümüzün qarşısında baş verir. Mənə belə gəlir ki, biz doğrudan da qanunçuluğa sədaqətimizdən, Konstitusiyaya sədaqətimizdən danışırıqsa, bu məsələlərə belə laqeyd qalmamalıyıq.
Burada söhbət gedir ki, müharibənin gedişi kəskinləşib, Prezident respublikanın paytaxtında olmadığına görə müharibənin gedişini nəzarət altına götürə bilmir. Siz bilirsiniz ki, Prezident xalqı da, torpaqları da özü şəxsən, təkbaşına müdafiə etmir. Bundan ötrü Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi , Milli Təhlükəsizlik Nazirliyi var. Həmin nazirliklərin hamısının qarşısında vəzifə qoyulub ki, bu gün davam edən müharibədə bütün imkanlarla torpaqları müdafiə etsinlər. Əgər biz doğrudan da vəziyyətdən çıxış yolu tapmaq istəyiriksə, onda belə bir sualın qarşısında fikirləşməliyik: yaxşı, təsəvvür edin ki, Prezident öz vəzifəsini icra edə bilməyib, Azərbaycan torpağını, öz hakimiyyətini də qoruya bilməyib, çıxıb gedib Ordubada. Bəs bu dövlətin, Bakı şəhərinin təhlükəsizliyinə, bizim burada təhlükəsizliyimizə yalnız Prezidentmi məsuliyyət daşıyır? Axı, Milli Məclis niyə münasibət bildirmir ki, zorakı yolla hakimiyyət devrilir. Milli Məclis heç olmasa, Bakı şəhərinin müdafiəsini orduya tapşıra bilər. Yəqin ki, tapşıra bilər. Sağ olun.
HEYDƏR ƏLİYEV: Əli bəy, sizinlə biz bu günlərdə çox yaxın əməkdaşlıq edirik. Sizin bir fikrinizə öz münasibətimi bildirmək istəyirəm. Şübhəsiz, biz Bakını müdafiə etməliyik, qorumalıyıq. Ancaq, Azərbaycan təkcə Bakıdan ibarət deyil axı. Azərbaycanın bir çox hissəsi əldən gedibdir.
İndi siz deyirsiniz, - mən bunu bilmirəm, - Qaradağda da icra hakimiyyətinin başçısı dəyişdirilibdir. Mən bunu bilmirəm. Bilirsiniz, indi elə vəziyyət yaranıbdır ki, harada nə var, heç kəsin xəbəri yoxdur. Bəlkə, elə siz çox şeylərdən xəbərdarsınız. Çünki Prezident Aparatında oturmusunuz. Sizə bəlkə də müəyyən xətlərlə məlumat gəlir. Mənə gəlmir, bu, birincisi. İkincisi, əgər Bakının müdafiəsini hərbi güclə qorumaq lazımdırsa, onda Əbülfəz Elçibəy Prezident, Ali Baş Komandan kimi bu qərarı verəydi, burada oturaydı, bir yerdə qoruyaydıq. Başa düşürsünüzmü?
İndi Əbülfəz Elçibəy Prezident kimi Bakıdan çıxıb kənara gedibdir. Mən sizin sözünüzdən belə başa düşürəm ki, Milli Məclis qərar çıxarmalıdır ki, qoşunları yığaq, Bakının müdafiəsini təşkil etmək üçün döyüşə aparaq. Bu da məqsədəuyğun ola bilməz. Ona görə biz gərək elə çıxış yolu tapaq ki, əgər Əbülfəz Elçibəy qan tökməmək məqsədi ilə Bakını tərk edibsə, onda gəlin, biz də qan tökməmək məqsədi ilə Bakını tərk edək. Rauf İsmayılov.
RAUF İSMAYILOV: Görünür ki, daxili işlər nazirinin açıq-saçıq dediyi söz bizə yenə də çatmadı. Respublikamız təhlükədədir. Millətin taleyi təhlükə qarşısındadır. Azərbaycan əldən gedir. Belə bir vəziyyətdə dövlət katibinin prinsipsiz çıxışı mənə çox pis təsir edir. Mən o dəfə burada Elçibəyə dedim: Elçibəyin faciəsi o vaxt başladı ki, sizin kimi bir adamı dövlət katibi qoydu. Siz bu gün burada çıxış edirsiniz. Adamların hamısının heysiyyətinə toxunursunuz. Adamın əsəbləri ilə oynayırsınız. Əsəblərlə oynamaq lazım deyildir. İndi şəxsi ambisiyaları bir kənara qoymaq lazımdır. Bu mənim dostumdur, bu isə düşmənimdir - belə söhbətlər olmamalıdır. Bu, xalqın qeyrətli oğludursa, xalqı uçurumdan o qurtara bilərsə, onun yaxasından yapışmaq lazımdır.
Elçibəy hamımızın seçdiyimiz, səs verdiyimiz Prezidentdir. Ona qarşı burada heç bir təxribat ola bilməz. Daxili işlər naziri dedi: Elçibəy Prezident kimi gəlsin otursun yerində, biz də yığışaq onun başına, ölkəni bu vəziyyətdən çıxaraq. Kimdir Prezidentə təxribat edən? Kimdir onu öz kürsüsündən kənara itələyən? Belə şeylərlə siz o bədbəxti bu günə qoydunuz. Onu sizin kimi adamlar bu günə saldı. Heydər bəy, mən sizdən xahiş edirəm ki, bu gün Prezidentin qayıtması barədə Milli Məclis qərar çıxarsın. Parlamentin buna ixtiyarı var.
HEYDƏR ƏLİYEV: Rəhim Qazıyevə söz verilir.
RƏHİM QAZIYEV: Hörmətli millət vəkilləri. Vəziyyətin belə gərgin vaxtında adamların iki yerə bölünüb, tərəflərdən birinin Prezidenti müdafiə etməsi, o birinin isə başqa tərəfi müdafiə etməsi onu göstərir ki, xalqın taleyi bizi az maraqlandırır.
Mən ayın əvvəlində baş vermiş hadisələrə qayıtmaq istəyirəm. Ayın əvvəlində Gəncədə bu hadisə baş verəndə Prezidenti yıxmaq istəyən adamlar elə onun öz ətrafındakılar olubdur. Çünki həmin faciə baş verəndə Prezident dərhal Gəncəyə getməli, adamlarla söhbət edib orada baş vermiş hadisəni aydınlaşdırmalı idi. Bu imkanı Prezidentə verməyənlər onun ətrafındakı qətiyyətsiz, cəsarətsiz, qorxaq, təcrübəsiz adamlar olmuşdur. Prezidentin hazırda gülünc vəziyyətə düşməsində də həmin adamlar günahkardır. Bu, faktdır. Bununla bağlı heç nəyi gizlətmək mümkün deyildir. Silahlı dəstələrin bu gün gəlib Bakı ətrafına yerləşməsinə səbəb də Prezident Aparatında oturub qeyri-qanuni cəmiyyətlərin silahlanmasına başçılıq edən adamlar olublar.
Daxili qoşunlardan da, Müdafiə Nazirliyindən də həmin cəmiyyətlərə silahlar paylanıbdır. Elə adamlara silah paylanıbdır ki, onlar heç silahı əməlli-başlı tuta da bilmirlər. Kimlərdir, onu da bilmirlər. Vəziyyətin belə gərginləşməsində iqtidar daha böyük rol oynayıbdır. İqtidar bu hadisənin qarşısını almalı idi.
Bu məsuliyyəti biz hamımız boynumuza o vaxt götürəcəyik ki, Prezident gəlib öz kürsüsündə oturacaqdır. Heç kimdə belə bir təsəvvür yaranmasın ki, guya Prezident Bakıya gələn kimi həbs ediləcəkdir. İstər xarici dövlətlər, istərsə də digər siyasi qurumlar hər şeyin Konstitusiya daxilində həll olunmasını tələb edirlər. Əgər indiki qüvvələr Prezidentin nüfuzunun artmasını istəsəydilər, onu xalqdan təcrid etməzdilər.
Əgər Əbülfəz Elçibəy ölkəmizdə gedən proseslərdən müxalifətin başında dayananda- çayxanalarda, millətin xeyir-şər yerlərində- nəticə çıxardığı kimi, Prezident kürsüsündə oturanda da buna nail olsaydı, bu gün belə bir faciəli hadisə baş verməzdi. İndi deyirlər ki, icra başçılarını dəyişirlər. Bu birbaşa Prezident Aparatında oturanların işi olmalıdır. Lakin orada oturanların heç biri cürət edib o tərəflərə getmir. Bu məsələnin həlli üçün real addımlar atmırlar. Sifarişlə həcc qəbul olunmur. Kənardan hadisələri idarə etmək olmaz. Surətin başına yığışan qüvvələrin heç biri rəsmi qüvvələr deyildir. Onlar 4-5 il vuruşmuş adamlardır. Prezident Aparatı yenidən müdafiə nazirliyinə güclü nüfuz edəndən sonra həmin adamlar döyüş mövqelərindən çıxarılmış döyüşçülərdir. Hansı ki, oraya torpağı müdafiə etmək eşqi ilə gəlmişdilər. Bu istəkdən, bu arzudan məhrum edilən adamlar torpağı müdafiə etmək üçün yığışıblar Surətin başına.
İyunun 4-də Gəncədə qan töküldü. Bunun əsas səbəbkarları indi məlumdur. Yəqin ki, komissiya gəldiyi qənaəti qısa müddətdə açıqlayacaq. Bu işi də sona çatdırmaq üçün Prezident mütləq Bakıda olmalıdır. Prezident bir dəfə də cəhd göstərmədi ki, - Heydər Əliyevi də çağırmışdılar, gəlmişdi Bakıya, - üçlükdə oturub bir məsləhətləşmə aparsın. Prezidenti bu imkandan təcrid etdilər. Məsələni həll olunmaz bir vəziyyətə gətirib çıxardılar. Ona görə mən də bu gün təklif edirəm, Milli Məclis qərar çıxarsın ki, Prezident Əbülfəz Elçibəy Bakıya qayıtsın. Saat 4-5-ə kimi Bakıya rahat qayıda bilər. Burada ona elə bir real təhlükə yoxdur. Əgər gəlməzsə, onda Konstitusiya daxilində prezident səlahiyyətlərini kimə lazımdırsa verməliyik.
HEYDƏR ƏLİYEV: İbrahim İbrahimov.
İBRAHİM İBRAHİMOV: Hörmətli sədr, hörmətli millət vəkilləri, respublikada yaranmış qeyri-stabilliyin daha da gərginləşməsinin, ziddiyyətlərin kəskinləşməsinin səbəbi millət vəkillərinin nəticəyə istinad etmələridir. Yəni biz səbəbi bir tərəfə qoyub, nəticədən çıxış edirik. Buna görə də hadisələrə düzgün qiymət verə bilmirik.
Hər şeydən əvvəl bu gün Milli Məclis bir məsələni müzakirə etməlidir. Yəni bu vəziyyəti yumşaltmaq üçün ayın 10-dan 21-nə qədər baş verən hadisələr müzakirə olunmalıdır. Ona siyasi qiymət verilməlidir. Təbii ki, ayın 4-dən 10-na qədər baş verən hadisələrin siyasi və hüquqi qiyməti yalnız deputat istintaq komissiyasının işindən sonra ola bilər. Amma bu o demək deyildir ki, indi çox böyük bir məsuliyyət daşıyan Milli Məclis ayın 10-dan 21-nə qədər baş verən hadisələrə özünün siyasi qiymətini verməsin.
Burada hamı məsuliyyətdən kənara qaçır. Keçən iclasların birində biz Əbülfəz bəyin Bakını tərk etməsinin səbəblərini geniş şəkildə müzakirə etdik. Mənə belə gəlir ki, bu məsələnin belə geniş müzakirəyə ehtiyacı yoxdur. Respublikada baş verə biləcək hadisələrə görə üç vəzifə sahibi-Prezident, Nazirlər Kabinetinin sədri, Ali Sovetin sədri məsuliyyət daşıyır.
Respublikamızda baş verən hadisələrə siyasi qiymət verilməsi birbaşa Milli Məclisin səlahiyyətinə daxildir. Biz, Milli Məclisin üzvləri səlahiyyət hüquqlarımıza daxil olan məsələləri bir kənara qoyub, Prezident məsələsini müzakirə edirik. Keçən dəfə dediyimiz kimi, Prezident bu məsələ ilə bağlı məsuliyyət daşıyır, özü bu məsuliyyətə cavabdehdir, vaxtı, məqamı gələndə cavab verəcəkdir. Biz məsuliyyətdən qaçmaqla vəziyyəti bir qədər də gərginləşdiririk.
Sual olunur: respublikanın 20 rayonu Gəncə qiyamçıları tərəfindən tutulubsa, hakimiyyət orqanları devrilibsə, qan tökülübsə və bu gün Surət Hüseynovun qoşunları iki istiqamətdə gəlib Bakının ətrafında dayanıbsa, Prezident Bakıya necə gələ bilər? Bu təminatı kim verir? O biri tərəfdən, Milli Məclisin ixtiyarı yoxdur ki,- burada bizim hüquqşünaslarımız əyləşib, onlar da deyə bilərlər,- qərar qəbul edib Prezidenti oradan buraya gətirsin. Konstitusiyaya görə belə bir qayda yoxdur.
Bəs, Milli Məclis nə etməlidir.? Konkret təklif verirəm: Milli Məclis bugünkü məsuliyyəti,- Prezidentin məsuliyyəti öz boynundadır, vaxtı, məqamı gələcək, cavab verəcək, - boynuna götürməlidir. Əgər Prezidenti gətirtmək istəyirsinizsə, onda Milli Məclis qərar qəbul etməlidir ki, Prezident Bakıya gələrsə, onun mühafizəsi təmin olunacaqdır. Eyni zamanda,- Milli Məclisin buna ixtiyarı var,- qərar qəbul edilməlidir ki, Surətin qoşunları Bakının ətrafından uzaqlaşdırılsın.
Bu gün siyasi müxalifətin də, adi vətəndaşların üzərinə böyük məsuliyyətlər düşür. Ona görə də ayın 10-dan bu günə qədər baş verən hadisələrə həm siyasi müxalifət qiymət verməlidir, həm Milli Məclis siyasi qiymət verməlidir. Əks təqdirdə respublikada vəziyyət sabitləşməyəcəkdir.
HEYDƏR ƏLİYEV: Etibar Məmmədov.
ETİBAR MƏMMƏDOV: Deməli, burada Prezidentin gəlməsi ilə əlaqədar bir məsələ qoyuldu, yəni onun təhlükəsizliyinin təmin edilməsi. Mən fikrimi bildirmək istəyirəm ki, Prezident indi daha təhlükəli yerdədəir. Çünki Kələki kəndi Ermənistanla sərhəddən cəmi 3-4 kilometr aralıdadır. Prezidentin qorxduğu qoşunlar isə Bakıdan 50 kilometr aralıdadır. Mən təklif edirəm ki, Prezident daha təhlükəsiz yerə gətirilsin.
TOFİQ QASIMOV: Hörmətli millət vəkilləri, mənə elə gəlir ki, burada yenə də tərəf-tərəfə bölünüb özümüzü müdafiə etməyimizlə əsas məsələ qıraqda qalıbdır. Əsas məsələ bu saat yaranmış ağır vəziyyətdən çıxış yollarını tapmaqdır. Əsas məsələ o deyil ki, kim kimə nə vaxtsa qiymət vermədi, nə vaxtsa verdi. Mən şəxsən bu gün belə hiss elədim ki, nə Daxili İşlər Nazirliyimizin, nə Müdafiə Nazirliyimizin, nə də Milli Təhlükəsizlik Nazirliyimizin heç birinin, faktiki olaraq, Bakının əhalisinin təhlükəsizliyini təmin etmək fikri və imkanı yoxdur. Mən belə başa düşdüm. Bakı əhalisinin, ya Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək Daxili İşlər Nazirliyinin birinci vəzifəsi deyiı? Buna gərək Prezident əmr verə? Burada, sadəcə olaraq, qabaqcadan razılaşdırılmış hansısa bir variantda qoşunların buraya gəlməsi adı ilə təzyiq altında legitim hakimiyyəti dəyişməkdən söhbət gedir. Mənə elə gəlir, heç kəsin şübhəsi yoxdur ki, əsas məsələ budur.
Mən indi heç kəsi müdafiə etmək fikrində deyiləm. Heç Prezidentin də hərəkətlərinə qiymət vermək fikrində deyiləm. Bu ölkənin, Azərbaycanın bir dövlət kimi yaşayıb, yaşamayacağından söhbət gedir. Ona görə Prezident kim olacaq, Ali Sovetin sədri kim olacaq, nazir kim olaraq- bu, əhəmiyyətli deyildir. Xahiş edirəm, yerdən uzun-uzadı danışmayın. Bizim Prezidenti buraya gəlməyə məcbur etmək hüququmuz yoxdur. Qanuni yolla Prezidentin istefasını tələb etmək, yaxud impiçment məsələsini qoymaq hüququmuz yoxdur. Prezident dövlətin başçısıdır. Biz ona müraciət edə bilərik. Mən təklif edirəm ki, Milli Məclis adından bu gün ona müraciət edək, xahiş edək, gəlib burada otursun. Eyni zamanda, Milli Məclis adından milli təhlükəsizlik, daxili işlər və müdafin nazirlərinə tapşıraq ki, onun təhlükəsizliyinə təminat versin. Biz onun təhlükəsizliyinə təminat verək. O, gəlsin burada otursun.
Biz bir şeyi də nəzərdə tutmalıyıq. Tutaq ki, o, gəlmək istəmədi, gəlmədi. Əgər Prezident könüllü surətdə istefa vermək istəsəydi, buradan getməzdi. Bir halda ki, gedib, deməli, o, hiss edib ki, təsir vasitəsilə, zorla istefa verməyə məcbur edəcəklər. Ona görə o, gəlməsə, nə etməliyik? Bu variantı fikirləşmək, müzakirə etmək lazımdır. Əbülfəz düzgün etdi, səhv etdi,- kim düzgün etdi kim səhv elədi -bunu tarix özü göstərəcək.
Bir şeyi də qeyd etmək istəyirəm ki, bu gün bütün səlahiyyətlər Prezidentdə olduğuna görə, bütün hadisələrə cavabdeh birbaşa Prezidentdir. Ona görə bu məsələni kiminsə üstünə qoymaq barədə fikirləşməyin. Elə şey yoxdur. Qanuna görə bu səlahiyyətlər Prezidentindir və cavabdehliyi də Prezident daşıyır, millətin qarşısında cavabdehlik onun üzərinə düşür. Ona görə tə təklifim ondan ibarətdir ki, birinci növbədə biz Əbülfəz bəyin buraya gəlməsi barədə müraciət qəbul edək. İkincisi, əgər ondan cavab gəlməsə, işlərin icrası barədə konkret kimə səlahiyyət verilməsi məsələsini müzakirə edək.
ASLAN ABBASOV: Hörmətli millət vəkilləri, mən Heydər Əliyevdən xahiş edirəm ki, burada çıxış edənlərin sözləri doğrudan da xalqın hissiyatına toxunursa, onu dayandırsın. Mənim yanımda oturan həmkarım Gəncəni, bütün əhalini qiyamçı adlandırır. Gəncə əhalisi qiyamçı ola bilərmi?! Gəncə camaatı da xalqımızın ən qeyrətli övladlarıdır. Kimsə konkret günah edirsə, onu cəzalandırmaq lazımdır. İstər qiyamçı olsun, istər dövlət rəhbəri olsun, kim olur-olsun. Xahiş edirəm, belə çıxışlara imkan verməyin. Ona görə ki, Azərbaycanın bütün əhalisi bizim iclasa baxır, hamı bunu dinləyir. Sözsüz ki, bizi Gəncədə də eşidirlər. Xalqın adından danışmağa heç kəsə səlahiyyət verilməyib, o cümlədən deputat İbrahim İbrahimova.
Burada Prezident ətrafında söhbətlər gedir. Söhbət Əbülfəz Elçibəyin Prezident səlahiyyətlərinin toxunulmasından getmir. Doğrudan da, bu gün çox çətin bir vəziyyətdə əgər Əbülfəz Elçibəy öz dövlətini, respublikasını idarə etməyi kiməsə tapşırırsa, yaxud tapşırmadan gedirsə, əlbəttə, bunu demək lazımdır. Amma xahiş edirəm, dava-dalaş ilə yox, sakit, təmkinli formada məsələni müzakirə edək. Hesab edirəm ki, bu gün Əbülfəz Elçibəyin buraya gəlib-gəlməməsi məsələsinin həll olunmasından daha çox Azərbaycan torpağına olan təcavüz müzakirə edilməlidir. Bu gün burada müdafiə naziri də, daxili işlər naziri də etiraf etdilər ki, Azərbaycan torpağının qorunması ölkəmizdə olan bütün qüvvələrin birliyindən və bir istiqamətdə hərəkətindən asılıdır. Ona görə hamınızı bu məsələ ətrafında fikir yürütməyə çağırıram. Sağ olun.
HEYDƏR ƏLİYEV: Bilirsiniz, mən bu gün Məclisin iclasını açarkən qeyd etdim ki, biz vəziyyət haqqında geniş müzakirə aparmaq üçün bu məsələni bu gün gündəliyə salmamışıq. İş bundadır ki, deputat İbrahim İbrahimov burada qeyd etdi ki, hakimiyyətin üç cinahı var - Prezident, Milli Məclis, Nazirlər Kabineti. Tamamilə doğrudur. Ancaq hamı üçün aydındır ki, ali hakimiyyət orqanının başçısı Prezidentdir, Ali Baş Komandan Prezidentdir. Azərbaycanın bütövlüyünü, vətəndaşların müdafiəsini və millətimizin şanını, şərəfini qorumaq haqqında yalnız və yalnız Prezident Konstitusiya qarşısında, bizim Qurani-Kərim qarşısında and içib, söz veribdir.
Şübhəsiz ki, indi Prezident naməlum səbəblərdən Bakını tərk edib uzaq bir yerdə, Kələki kəndində olduğu vaxtda mənimlə də telefon əlaqəsi var, Əli Kərimovla da telefon əlaqəsi var, dünən nazirlərlə də danışıbdır. O, bütün işləri nə təhlil edə bilir, nə alınan informasiyalara qiymət verə bilir, nə də onda lazımi qərarlar qəbul etmək imkanı var. Əgər qərar qəbul etmək imkanı olsa da, yəqin onu təkbaşına qəbul etməməlidir, məsləhətləşməlidir. Kimsə burada qeyd etdi ki, bizim Müdafiə Şuramız var, Müdafiə Şurası ilə də məsləhətləşməlidir. İndi bunların hamısı pozulubdur. Ona görə də mən dünən sizə bildirdim və məsləhətləşdik ki, nə edək. Bizim ümumi bir fikrimiz oldu ki, Prezidentə müraciət edək ki, qayıdıb Bakıya gəlsin ki, burada birlikdə oturaq bir saat, iki saat, gecə-gündüz məsləhətləşək, bunların yolunu axtaraq. Ona görə də bu məsələni burada müzakirəyə çıxardıq.
Şübhəsiz ki,- mən dəfələrlə qeyd etmişəm, dünən brifinqdə də dedim, bu gün də deyirəm,- heç kəs Prezidentin səlahiyyətinin əlindən alınması fikrində deyil və Ali Sovetin sədri, ali qanunverici orqanın başçısı kimi mən buna yol verə bilmərəm. Bir də deyirəm ki, Konstitusiyadan kənar biz heç bir şeyə yol verməməliyik. Mən öz fikrimi deyirəm ki, Ali Sovetin sədri kimi buna yol verməyəcəm. Ancaq eyni zamanda, biz çıxılmaz vəziyyətdə qalmışıq. Düzdür, ayın 10-dan bu tərəfə olan hadisələrə qiymət vermək haqqında deputat İbrahim İbrahimov buyurdu. Ona da qiymət vermək lazımdır. Ayın 4-dən 10-dək olan hadisələrə də qiymət vermək lazımdır. Ancaq bunların hamısını biz Prezidentsiz nə cür edək? Bəlkə onun bir fikri var? Onsuz etsək, ona hörmətsizlik etmiş olarıq. Çünki o, bizim dövlət başçısıdır. Ona görə bilmirəm, bu müzakirəni davam etdirmək lazımdır, yoxsa... Hörmətli Tofiq Qasımov belə bir təklif verdi ki, şübhəsiz, biz Prezidenti məcbur edə bilmərik, ancaq Prezidentə müraciət edə bilərik ki, təcili olaraq Bakıya qayıtsın.
O ki qaldı təhlükəsizızlik məsələsinə, bilirsiniz, dünən brifinqə də dedim. Mən bunu bilmirdim, Naxçıvanda yaşayırdım, heç nədən xəbərim yox idi. Amma buraya gəldim gördüm ki, Allaha şükürlər olsun, bizim hörmətli Prezidentimizin çox güclü qvardiyası var, onun qoruyucu qüvvələri var. Əgər lazımdırsa, bir az da gücləndirmək olar. Ancaq dünən suallarda məlum oldu, indi şəhərdə bir neçə terror qrupları var. Təhlükəsizlik hamı üçün lazımdır. Hər bir kəsə bu dəqiqə terror ola bilər.
Aydındır ki, nə təhər deyərlər, Prezidentin canı Azərbaycanda hamıdan qiymətlidir. Buna söz yox. Ancaq indi biz deyək ki, kimsə gəlib burada kimisə öldürəcək, ona görə gəlin qaçaq, dağılaq- belə şey olmaz axı. Ona görə də istəyirəm, məsləhətləşək. Ya indi yenə də danışıqları davam etdirək, yaxud da bir qərara gələk. Dünən də bellə bir fikir var idi, Tofiq Qasımov da belə bir fikir söylədi ki, müraciət edək. Bəlkə doğrudan da işimizi elə bu müraciətlə qurtaraq.
İstəyirsinizsə, qısa olaraq deputat istintaq komissiyasından soruşaq ki, onlar işlərini nə vaxt qurtaracaqlar. Çünki bundan da çox şey asılıdır. Bu da çox şeyi aydınlaşdıracaq. Onda biz daha da obyektiv qiymət verə bilərik ki, ayın 4-də nə olub, kimdə günah daha çox, kimdə azdır. Bəlkə Mətləb Mütəllimov istintaq komissiyasının işi haqqınoda yox, bu işi nə vaxt qurtaracaqlar barədə bir-iki kəlmə desin.
MƏTLƏB MÜTƏLLİMOV: Hörmətli sədarət! Hörmətli deputatlar!
Milli Məclisdə Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat istintaq komissiyası yarandığının səhərisi günü, iyunun 10-da komissiya üzvləri toplaşıb iş planını tərtib etdi, vəzifə bölgüsü aparıldı. Belə məsləhət oldu ki, komissiyanın nəzdində istintaq qrupu yaransın. Ona həm prokurorluğun, həm də milli təhlükəsizlik, daxili işlər, müdafiə, ədliyyə nazirliklərinin, digər təşkilatların təcrübəli mütəxəssisləri cəlb olunsun. Əlaqədar nazirliklərə, idarələrə sorğular verilibdir. İndi sorğularla əlaqədar materiallar daxil olmaqdadır. Həmin materiallar komissiya üzvləri tərəfindən, istintaq qrupu tərəfindən öyrənilir.
Biz ayın 12-də Gəncədə olduq, iki saat-iki saat yarım deputat Surət Hüseynovla və şəhərin nümayəndələri ilə görüşümüz oldu. Sonra biz hadisə yerində olduq, onların hamısı lentə çəkildi. Bir neçə hüquqşünas dindirildi. Surət Hüseynovun təklifi ilə komissiyaya onlar tərəfdən bir neçə nəfərin namizədliyi verildi. Eləcə də bir neçə məsələlər, suallar qoyuldu və xahiş olundu ki, işlədiyimiz müddətində bu suallar da araşdırılsın. Artıq bizim tərəfimizdən dindirilən şəxslərin siyahısı müəyyənləşdirilibdir. Bu günə qədər 22 nəfər dindirilib. Bu dindirilmələr həm videoya çəkilib, həm də stenoqramı var, maqintafona yazılıbdır. Biz işi bu istiqamətdə aparırıq. Bir sıra problemlərimiz var. İstərdim o problemlər haqqında sizə bir-iki kəlmə deyim.
Bunlardan biri ondan ibarətdir ki, komissiyanın normal işləməsi üçün hələlik istənilən şərait yaradılmayıbdır. Komissiyanın üzvləri üçüncü mərtəbədə, Prezidentin otağında işləyirlər. Amma artıq dördüncü dəfədir ki, otağı tərk edib çıxmalı oluruq, işimizi müntəzəm davam etdirə bilmirik. Komissiya səhər doqquzdan axşam saat doqquza-ona qədər işləyir. Bizim üçün iş şəraitinin yaradılmasının mühüm əhəmiyyəti var.
Onu da deyim ki, bir sıra qəzetlər qəsdən, yaxud bilmərəkdən komissiyanın üzvlərini şantaj etməklə məşğuldur. Bu işdə həm “Millət”, həm də “Azadlıq” qəzetləri öz rollarını göstərir. Guya Tahir Əliyev, Mürşüd Məmmədov və Mətləb Mütəllimov hərbi müxalifətin tərəfdarıdır, biz onları dəstəkləyirik. “Azadlıq” qəzeti hətta bir az da uzağa gedib yazır ki, guya Mətləb Mütəllimov bu məqamdan istifadə edərək, Baş prokurorun birinci müavini kimi gedib orada işləməyə cəhd göstərir. Bu cür şantajlar, heç nəyə sığmayan yersiz, mənasız yazıların mətbuatda getməsi istər-istəməz komissiyanın işinə təsir göstərir və onun gələcəyi nəticənin obyektivliyinə camaatda şübhə yarada bilər.
Biz dünən televiziyada eşitdik və o söhbət bu gün də oldu. Deyirlər ki, guya komissiyaya bir həftə vaxt verilib, bir həftə ərzində işini başa çatdırmalıdır. İstintaqın işini bir az sürətləndirmək olar, amma istintaqı göstərişlə başa çatdırmaq olmaz. Əgər həm Milli Məclis, həm də xalq istəyirsə komissiyanın işi obyektiv olsun, onda demək olmaz ki, sizə üç gün vaxt veririk, beş gün vaxt veririk. Komissiyanın sədri kimi deyirəm ki, bizi heç bir ultimatumla hədələmək lazım deyildir. Komissiyanın üzvləri üçün heç bir tərəf yoxdur. Bizim üçün ancaq bir məsələ, bir vəzifə var - iyunun 4-də Gəncədə baş verən hadisələrin səbəbləri və səbəbkarları aşkar olunmalıdır. Bu, ancaq o halda mümkün olacaq ki, bütün tərəflər dindirilsin. Bu nöqteyi-nəzərdən belə hesab edirəm ki, Milli Məclisdə komissiyanın işinə təsirlərin, təzyiqlərin olmasına yol vermək olmaz. Məsləhətimiz belə olubdur ki, Ali Sovetin rəhbəri komissiyanın normal işləməsini təmin etməlidir.
Mən hələ komissiyanın yaradılması barədə məsələ müzakirə olunanda demişdim ki, iyunun 20-dək heç bir nəticəyə gəlmək olmaz. Düzdür, burada sıravi əsgərdən Prezidentə qədər söhbət gedir, bu dairədə dindirmələr aparılır. Sözsüz ki, biz özümüz də vəziyyəti başa düşürük və istəyirik ki, komissiyanın işi imkan daxilində operativ olsun, səmərəli olsun. Ola bilər, biz yenə də bu işə əlavə müstəntiqlər cəlb edəcəyik.
Xahişim ondan ibarətdir ki, əgər istəyirikcə komissiyanın işinin səmərəsi, nəticəsi olsun, obyektiv söz desin, onda komissiyaya təzyiqlər lazım deyildir. Artıq on gündür komissiya yaranıbdır. Bunun müəyyən müddəti təşkilati işlərə, sorğulala gedib, yerlərə getmək olubdur. Ona görə də əsas məhsuldar iş bundan sonra başlayır. İnanıram ki, Milli Məclis və onun rəhbərliyi razı olmaz ki, kiminsə xahişi ilə biz deyək ki, günah kimdədir. Bunu ancaq obyektiv istintaqın nəticəsi deyə bilər.
Biz, komissiyanın üzvləri çalışırıq ki, Gəncə hadisələri ilə əlaqədar müzakirələrə imkan daxilində müdaxilə etməyək. Amma hər halda biz komissiyanın üzvü olmaqdan əvvəl deputatıq və bu məsələlərə heç də biganə qala bilmirik. Şəxsən özüm burada demişəm ki, məsələlərin ağsaqqalar tərəfindən həllini gözləməsinin bir sıra səbəbləri var. Biri ondan ibarətdir ki, burada bəzi deputatlar qisasçılıq mövqeyindən çıxış edir, bulanmış suda balıq tutmaq istəyirlər. Hamı deyir ki, sülh yolu ilə olmalıdır. Amma hamı çıxış yolunu Prezidentin ərizəsini yazmasında görür.
Heydər müəllim, nə Ayaz Mütəllibovun dövründə, nə də bugünkü Prezident Əbülfəz Elçibəyin dövründə heç vaxt şəxsi xahişim olmayıbdır. Əgər Siz bundan sonra da Ali Sovetin rəhbəri olsanız, heç vaxt şəxsi xahişim olmayacaqdır. Amma Sizdən bu gün bir xahişim var. Biz bu gün istəsək də, istəməsək də bu tarixi yük üstümüzdədir. Biz nə üçün ermənilərlə danışığa gedirik, amma bir-birimizlə, xalqın iki övladı, iki qardaş oturub üzbəüz danışmırıq? Axı biz Surət Hüseynovla iki-üç saat söhbət etdik və tam əminik ki, ömründə heç kəs razı olmaz ki, Azərbaycan qan içində boğulsun. Ona görə də təklifim budur ki, Siz Prezidenti çağırtdırıb üç gün, bu məsələnin həllinə qədər burada oturda bilərsiniz. Heydər müəllim, xahiş edirəm, bir vasitəçi kimi Siz Surət Hüseynovla Əbülfəz Elçibəyin görüşünü təşkil edin. Üçünüz də oturun, bir yerdə məsləhətləşin. Siz hansı qərara gəlsəniz, biz həmin qərarın tərəfdarı olacağıq. Mənim sözüm bu qədər, sağ olun. Sualınız varsa, cavab verməyə hazıram.
HEYDƏR ƏLİYEV: Mətləb bəy, demək, komissiya işini qısa müddətdə qurtarmayacaq?
MƏTLƏB MÜTƏLLİMOV: Heydər müəllim, deməli, komissiyaya bu ayın axırına, 30-dək vaxt verilib, biz bütün qüvvəmizlə çalışacağıq ki, bu işi müəyyən mərhələlərlə başa çatdıraq. Amma sizə deyim ki, yaxın 5-10 gündə buradan elan edə bilməyəcəyik ki, günahkar konkret kimlərdir. Milli Məclisin qərarından sonra komissiyaya əlavə 5-10 gün vaxt lazım olsa, deyəcəyik. Onda artıq biz sizə həmin adamların adını, familiyasını və hansı cinayət törətməsini dəqiq deyə biləcəyik. Biz vəziyyəti başa düşürük, amma xahişim budur ki, komissiya nə qədər məhsuldar işləsə də, imkan daxilində bizə şərait yaradılsın. Hər şey hazır olanda özümüz sizə deyəcəyik. Biz onda daha geniş danışa biləcəyik, nəinki indi.
HEYDƏR ƏLİYEV: Ancaq bir şey məlumdur ki, sizin komissiya istintaq aparmır ki, kimi nəyə görəsə cinayətə cəlb etsin. Əsasən, siyasi qiymət vermək üçündür.
MƏTLƏB MÜTƏLLİMOV: Heydər müəllim, düz deyirsiniz. Bu, deputat istintaq komissiyası adlanır. Bəzən bir nəfəri bir neçə dəfə dindirmək lazım gəlir ki, dəqiqləşdirək, görək bu məsələlərdə nə dərəcədə iştirakı olubdur. Bu nöqteyi-nəzərdən belə dindirmələr aparılmadan, məsələlər əqiqləşdirilmədən, bəzi sənədləri əldə etmədən onların taleyini həll edə bilmərik.
HEYDƏR ƏLİYEV: Demək, mən başa düşdüm ki, bu ayın başına qədər.
MƏTLƏB MÜTƏLLİMOV: Milli Məclisin qərarı ilə bu ayın başına qədər vaxt verilibdir. Ayın axırında biz sizinlə bəzi məsələləri məsləhətləşəcəyik.
HEYDƏR ƏLİYEV: Yaxşı. Mənə belə gəlir ki, biz bu məsələni müzakirə etmirik. Ona görə də suallara ehtiyac yoxdur.
Mən sizə bildirdim ki, biz dünən müşavirə keçirdik. Müşavirədə Ali Sovetin rəhbərliyi, Prezident Aparatının rəhbərliyi, Nazirlər Kabinetinin rəhbərliyi və bir neçə mühüm nazirlər iştirak etdilər. Dünən belə fikir oldu ki, Prezident Əbülfəz Elçibəyə müraciət edək. Keçən iclasında təklif olunmuşdu ki, Milli Məclis adından Surət Hüseynova müraciət edək. Bu məsələ dünən də qaldırıldı. Ona görə bu müraciətlərin ikisinin də layihəsi hazırlanıbdır. Əgər etiraz etmirsinizsə, biz bu layihələri dinləyək. Əgər etirazınız olmasa, bu müraciətləri qəbul edək və bugünkü iclası qurtaraq. Etiraz yoxdur? Yoxdur. Onda Afiyəddin Cəlilov buyursun.
AFİYƏDDİN CƏLİLOV: Hörmətli millət vəkilləri, qeyd olunduğu kimi, dünən Ali Sovetin sədri yanında Ali Sovetin, Prezident Aparatının, Nazirlər Kabinetinin, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və bir sıra mühüm nazirliklərin, kütləvi informasiya vasitələrinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirənin yekunu haqqında Heydər Əliyev sizə məlumat verdi. Həmin müşavirənin yekunu ilə əlaqədar olaraq Ali Sovet sədrinin birinci müavini Tamerlan Qarayevə, Milli Məclisin üzvü Sabir Rüstəmxanlıya, mənə və Ali Sovetin Katibliyinə tapşırılmışdır ki, müşavirədə ortaya çıxan qərarla əlaqədar olaraq layihə hazırlansın və Milli Məclisə təqdim olunsun. İcazə verin, qərar layihəsini sizin nəzərinizə çatdırım:
-Azərbaycan Respublikası Konstitusiyasının əsaslarına görə, Azərbaycan Respublikasının Prezidenti ali icra hakimiyyətini həyata keçirir və Azərbaycan Respublikasına rəhbərlik edir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti vətəndaşların hüquq və azadlıqlarının, Konstitusiyaya və qanunlara əməl olunmasının təminatçısı kimi çıxış edir. Azərbaycan Respublikasının suverenliyinin qorunmasına, müdafiəsinə, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunmasına dair tədbirlər görür, dövlət idarəetmə orqanlarına rəhbərlik edir.
Lakin Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 1993-cü il iyun ayının 17-dən 18-nə keçən gecə təcili olaraq Bakı şəhərindən, öz iş yerindən Naxçıvan Muxtar Respublikasına, Kələki kəndinə getməsi Konstitusiya və qanunlarla nəzərdə tutulmuş bir çox məsələlərin həyata keçirilməsinə maneçilik törədir. Kələki kəndində yaşayan Əbülfəz Elçibəy Azərbaycanın Prezidenti kimi respublikanın dövlət orqanları ilə əlaqəni itirib və Prezident fəaliyyətini həyata keçirə bilmir. Belə bir şəraitdə Azərbaycan Respublikasında əmələ gəlmiş mürəkkəb, ağır və gərgin ictimai-siyasi və hərbi məsələlərin həll olunması həddindən artıq çətinləşmişdir.
Milli Məclis hesab edir ki, respublikanın bu dərin və dözülməz böhrandan çıxarılması üçün Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy respublikanın paytaxtı Bakı şəhərində, öz iş yerində olmalıdır və dövlət başçısı kimi öz Konstitusiya səlahiyyətlərini icra edib tam şəkildə həyata keçirməlidir. Bununla əlaqədar və 4 iyun 1993-cü il Gəncə hadisələrindən sonra Azərbaycan Respublikasında yaranmış ictimai-siyasi və hərbi böhrandan çıxış yolları axtarmaq, habelə Qarabağın Ağdam, Ağdərə, Füzuli bölgələrində erməni hərbi qüvvələrinin şiddətli hücumlarının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə, öz iş yerinə təcili olaraq qayıtması barədə müraciət edilsin.
ƏDALƏT RƏHİMLİ: Mən belə hesab edirəm ki, bu müraciət, əsasən, yaxşıdır. Amma orada bir söz həqiqətə uyğun gəlmir ki, Əbülfəz Elçibəy Prezident kimi respublikanın rəhbərliyi ilə öz əlaqəsini itiribdir. Bayaq siz özünüz də etiraf etdiniz ki, onunla əlaqə saxlanılır. Sadəcə olaraq, əlaqə zəifləyibdir. Bu da əlavə olunsun ki, Milli Məclis və müvafiq orqanlar Prezidentin təhlükəsizliyinə təminat verir. Yaxşı olardı ki, bir müraciət də deputat Surət Hüseynova edilsin. Sağ olun.
HEYDƏR ƏLİYEV: Ona müraciət var, biz deyəcəyik.
RASİM AĞAYEV: Mənə elə gəlir ki, müraciət yaxşıdır. Ancaq belə bir vəziyyət yarana bilər ki, Prezident heç bir münasibət göstərməsin, yəni Bakıya qayıtmasın. Onda vəziyyət nə təhər olacaq? Ona görə bəlkə belə bir əlavə etmək olar: əgər Prezident hesab etsə hələ Bakıya qayıtmaq vaxtı deyil, onda özü təyin etsin ki, səlahiyyətlər kimə verilir. Çıxış yolunu özü göstərsin.
HEYDƏR ƏLİYEV: Bilirsiniz, gəlin qabağa qaçmayaq. Biz sadəcə olaraq, indiki yaranmış vəziyyətlə əlaqədar Prezidentdən xahiş edirik, ona müraciət edirik ki, Bakıya qayıtsın. Qayıdacaq, qayıtmayacaq, hansı qərar qəbul edəcək, hansı addım atacaq - bunları indidən müzakirə etmək lazım deyil və müzakirə etməyə heç imkanımız da yoxdur. Cünki bilmirik, bizim bu müraciətimizə, xahişimizə Prezidentin münasibəti nə cür olacaqdır. Əgər buna prinsip etibarilə etiraz yoxdursa, müzakirə açmağa ehtiyac yoxdur. Gəlin səsə qoyaq. Bilirsiniz, indi müraciət edirik. Hər halda Prezidentdir, bir gün, iki gün, vaxt verməyimiz də axı bir az hörmətsizlikdir. Biz, Milli Məclis Prezidentə müraciət edirik. Mənə belə gəlir ki, elə bunun özü hörmətli bir sənəddir. İndi bir gün vaxt qoyuruq. Yaxşı, bir gündən sonra gəlməsə nə edəcəyik? Prezident ali bir adamdır, yəqin ki, bu müraciətə müəyyən bir fikir bildirəcəkdir. İsa bəy, buyurun.
İSA QƏMBƏR: Hörmətli sədr, hörmətli millət vəkilləri. Mən çox şadam ki, Ali Sovetin rəhbərliyi dəyişəndən sonra heç kim Milli Məclisdən tələb etmir ki, müzakirə olunan sənədlərin layihələri çoxaldılıb paylansın və millət vəkilləri o sənədlə diqqətlə tanış ola bilsinlər.
HEYDƏR ƏLİYEV: Paylanmayıb? Bəs Tamerlan bəy mənə dedi ki, hamıya paylanıbdır. Bir məlumat verim, hətta mən burada məsləhətləşəndə ki, oxuyaq, Tamerlan bəy dedi, ehtiyac yoxdur, çünki hamıya paylanıbdır. Ancaq mən dedim ki, paylansa da, burada başqa deputatlar da var, qoy oxunsun.
İSA QƏMBƏR: Heydər bəy, mən başa düşürəm. Doğrudan da bu gərgin anda formalizmin tərəfdarı deyiləm. Bütövlükdə, müraciət düzgündür, edilməlidir. Mən də Prezidentin Bakıya qayıtmasının tərəfdarıyam. Əlbəttə, orada bir çox nüanslar var. Ədalət bəy bayaq dedi, orada əlaqə məsələsi dəqiq ifadə olunmalıdır. Məsələni elə qoymaq düzgün deyildir. Prezidentin Bakını tərk edib, Naxçıvana getməsinin səbəbləri bu sənədlərin heç birində göstərilmir. Sırağagünkü müzakirədən sonra Milli Məclisdə yenə də səslənəndə ki, Prezident naməlum səbəblərdən Bakını tərk edib, mənə elə gəlir ki, bu, da həqiqətə uyğun deyildir. Ona görə də Prezidentin Bakını tərk edib Naxçıvana getməsinin səbəbləri, heç olmasa, Prezidentin mətbuat xidmətinin yaydığı rəsmi məlumata əsasən, bu sənədə mütləq qeyd edilməlidir.
Əgər biz ümumi razılığa gəliriksə, sənədin qərar hissəsində müvafiq nazirliklərə həvalə edilməlidir ki, Prezidenti Bakını tərk etməyə məcbur edən səbəbləri aradan qaldırmaq üçün, yəni Prezidentin təhlükəsizliyini və Bakıda vətəndaş müharibəsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir. Bu, formalizm deyil, Prezidentin Bakıya qayıtmasını və bilavasitə bu işlərə rəhbərlik etməsini təmin etmək üçün çox mühüm şərtdir. Doğrudan da əgər biz səmimi surətdə Prezidentin qayıtmasını istəyiriksə, bu, qərarda öz əksini tapmalıdır.
HEYDƏR ƏLİYEV: Prezidentin əlaqəsi məsələsi dəqiqləşdirilməlidir. Yəqin ki, bunu redakdə edəndə dəqiqləşdirmək lazımdır. Ancaq qaldı ki, Milli Məclis Əbülfəz bəyin təhlükəsizliyinə təminat verir, ümumiyyətlə, Prezident kimi onun təhlükəsizliyinə Konstitusiya təminat verir. İndi Milli Məclisin əlində nə var desin ki, mən təminat verirəm. Prezident kimi Əbülfəz bəyin özünü qoruyan böyük bir qvardiya var. O da şəxsən onun tabeliyindədir. Şübhəsiz ki, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi də bu işlə məşğuldurlar. Ancaq indi biz Milli Məclisin qərarında bunu yazaq, mən belə başa düşürəm ki, buna ehtiyac da yoxdur. Bu, təbii bir haldır ki, Prezident qorunmalıdır və o, Konstitusiyaya görə qorunur. Məsələni məsələyə qarışdırmayaq.
Qərar elan olundu. Mən səsə qoyuram, kim bu qərarın tərəfdarıdırsa, xahiş edirəm, münasibətini bildirsin.
36 səs lehinə, əleyhinə yoxdur, bitərəf 2 nəfər, səs verməyib 1 nəfər. İştirak edir 39 nəfər. Qərar qəbul olundu.
Ancaq mən məcburam bir məlumatı sizə çatdıram. İndi bu dəqiqə mənə verdilər. Sərhəd qoşunları komandanı Allahverdiyev xəbər verir. Lənkəran sərhəd dəstəsinin rəisindən alınan məlumata görə, Əlikram Hümbətov Lənkərandakı güc orqanların - polis, sərhəd dəstəsi, dövlət təhlükəsizliyi şöbəsi və s.- rəhbərlərini və sairəni yanına çağırıb deyib ki, onun tərəflərinə keçsinlər. Əks təqdirdə, 40 dəqiqədən sonra xalqa müraciət edəcək və “Talış-Muğam Respublikasını” elan edəcəkdir. Məlumat verən deyib ki, mən gedə bilmərəm, mənə dövlət sərhədini qorumaq tapşırılıbdır. O birilər indi də Hümbətovun yanındadırlar.
Bilirsiniz, dövlət, hakimiyyət böhranı, Prezidentin burada olmaması və bütün sahələrdə vəziyyətimizin belə olması, bax, bizi bu günə salıbdır. İndi görək nə tədbirlər görəcəyik.
SABİR RÜSTƏMXANLI: Əsas məsələ budur ki, hərə bir addım geri çəkilməlidir. Bu məsələlər nə qədər qızışdırılsa, yenə pat vəziyyətidir. Hökmən qarşılıqlı güzəşt olmalıdır. Ona görə biz belə qərara gəldik,- keçən dəfə də təklif olunmuşdu,- Prezidentə müraciətlə yanaşı, həm də Surət Hüseynova Milli Məclisi adından müraciət qəbul edilsin. Bu, müraciətin ilk variantdır, nə təklifləriniz olsa, yəqin nəzərə alınar:
-Hörmətli Surət bəy, sizə məlum olan Gəncə hadisələri respublikada siyasi qarşıdurmanı son dərəcə gərginləşdirmiş, ciddi hakimiyyət böhranı yaratmışdır. Nəticədə bir sıra bölgələrdə hakimiyyətsizlik yaranmış, bəzi hallarda dövlətin mənafeyinə xidmət etməyən qüvvələr fəallaşmış, iqtisadiyyat daha da çətin vəziyyətə düşmüş, əhali arasında çaşqınlıq yaranmış, Gəncədə tökülmüş qardaş qanının bütün Azərbaycanı bürümək təhlükəsi artmışdır. Bu qarışıqlıqdan istifadə edən erməni silahlı qüvvələri bir neçə gündür Ağdam, Füzuli, Ağdərə bölgələrində hücumların miqyasını genişləndirmişdir, kəndlərimiz yandırılır, torpaqlarımız viran qoyulur. Azərbaycan torpaqlarının parçalanması, daha çox ərazilərimizin düşmən əlinə keçməsi, dövlətçiliyimizin tamamilə itirilməsi real bir təhlükə kimi başımızın üstünü almışdır.
Biz Gəncə hadisələri ilə bağlı sizin keçirdiyiniz sarsıntını və bununla bağlı tələblərinizi yaxşı başa düşürük. Həmin tələblərin bir hissəsinə artıq əməl edilmişdir. Gəncə faciəsinin səbəblərini və günahkarlarını araşdırmaq üçün deputat istintaq komissiyası yaradılmışdır və komissiyanın bu faciəyə yaxın vaxtlarda obyektiv qiymət verəcəyinə heç bir şübhə yoxdur. Lakin bu gün söhbət daha ciddi bir faciədən - torpaqlarımızın işğalından və Azərbaycanın taleyindən gedir. Biz öz aramızdakı mübahisələri həll etməyə sabah da imkan taparıq. Ancaq bu gün Qarabağda qırılan günahsız körpələri, cavanları və ağsaqqalları sabah yenidən həyata qaytara bilmərik. Buna görə də Milli Məclis sizə müraciət edir, cəbhələrdə sizin qazandığınız təcrübəni yüksək qiymətləndirir və öz vətəndaşlıq borcunuzu dərindən dərk edəcəyinizə inanır.
Biz bütün qüvvələrimizi vətənin müdafiəsinə yönəltməliyik. Bir daha bildiririk ki, sizin və bizim ümumi taleyimiz bu gün Qarabağda həll olunur. Əmin olduğumuzu bildiririk ki, vəziyyətin faciəliliyini nəzərə alaraq, xalqımızın mənafeyi naminə Qarabağın müdafiəsi yolunda köməyinizi əsirgəməyəcəksiniz, tarix qarşısında hamımızın cavabdehlik daşıdığı bu günlərdə müdriklik göstərərək öz hərbi istedadınızı döyüş cəbhələrində bir daha sübut edəcəksiniz.
HEYDƏR ƏLİYEV: Sual var? Buyurun.
RƏHİM QAZIYEV: Sabir bəy, o müraciətin əvvəlində siz qeyd edirsiniz ki, ermənilər fəallaşıbdır və s. Ondan əvvəldə əlavə etmək lazımdır ki, siz vicdanla, namusla torpağı müdafiə etdiyiniz dövrdə iqtidar tərəfindən sizə olan haqsızlıq biz tərəfdən qəbul olunur. Bu adam torpağı müdafiə edirdi və onu zorla düşmən elan etdilər. Xalq Cəbhəsinin fevralın 8-dəki bəyanatı xəyanət kimidir. O adam vuruşurdu, onu zorla bu meydana çəkdilər. Orada qeyd olunmalıdır ki, vicdanlı, namuslu oğulları ətrafınıza toplayıb müharibə apardığınız dövrdə sizə iqtidar tərəfindən olunan haqsızlıq Milli Məclis tərəfindən qəbul edilir.
Heydər bəy, üzr istəyirəm, Lənkərandakı məsələ ilə bağlı deyim ki, orada oturan Əlikram Hümbətov bu gün iqtidarda olan yoldaşlarla mübarizəyə başlayan ən qeyrətli oğullardan biridir. Hazırkı 60-cı Lənkəran dviziyasının tamam itkisiz alınmasında onun misilsiz xidmətləri var. Onu da bu günə, Surətin gününə saldılar. İnanmıram, o deyə ki, mən “Talış Respublikası” elan edirəm. Mən o sözə inanmıram, onu yoxlamaq lazımdır.
HEYDƏR ƏLİYEV: Gəlin, məsələləri qarışdırmayaq. Mənə belə gəlir, bu müraciət pis deyildir. Rəhim bəyin təklifinə bilmirəm, Məclis üzvləri necə baxır. Bu məsələyə, ola bilər, sonra baxılsın ki, ədalətsizlik olub, ya olmayıbdır. Biz indi, sadəcə, müraciət edirik ki, münaqişə yatsın. İndi ədalətsizlik olub, olmayıbdır - bunları gərək sonra araşdıraq. Başqa təklif yoxdur? Ədalət bəy, buyurun.
ƏDALƏT RƏHİMLİ: Mən hesab edirəm, Prezidentə qərar şəklində etdiyimiz müraciət kimi, Surət bəyə də bu formada müraciət etsək yaxşı olar. Milli Məclisin iki üzvü - Sülhəddin bəylə, İxtiyar bəy girovdurlar, o barədə də müraciət edək ki, onların azad olunması üçün tədbir görsün. Nəhayət, çox yaxşı olar,- sizin kimdənsə xoşunuz gəlmirsə, biz bundan ötrü öz siyasətimizi dəyişməməliyik ki,- Surət bəyə müraciət edək ki, siyasi danışıqlar aparmaq, məsələni həll etmək üçün o, imkan daxilində buraya gəlsin və ordunun geri qayıtması haqqında qərar versin.
HEYDƏR ƏLİYEV: Bilirsiniz, onda gəlin belə edək, bunu əsas kimi səsə qoyaq, ondan sonra əlavələr haqqında danışaq. Kim bu müraciətin əsasən qəbul olunmasının tərəfdarıdır, xahiş edirəm, münasibətini bildirsin. Lehinə 37, əleyhinə yoxdur, bitərəf yoxdur. Demək, qəbul olunur.
X X X
ƏHMƏD ƏHMƏDZADƏ \Melorasiya və Su Təsərrüfatı Komitəsinin sədri\: XX əsrin axırıncı on ili, demək olar, Azərbaycan üçün çox təzadlı olubdur. Biz canlı şahidləriyik ki, Azərbaycan xalqının başına hansı bəlalar gəlibdir. 1993-cü ilin iyun hadisələrini yada salsaq görərik ki, Azərbaycan hansı böyük böhrandan çıxıbdır. Həmin dövrdə Azərbaycan vətəndaş müharibəsi şəraitində idi, ölkənin rəhbəri ölkəni idarə edə bilmirdi, xalq ayağa qalxmışdı. O vaxt xalqın tələbi ilə cənab Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı.
Mən iclasların hamısında iştirak etmişəm, o məsələlərin canlı şahidiyəm. Biz, Azərbaycan xalqı o vaxt hansı ağır dövrü keçirdiyimizi bilirik. Həmin dövrdə xalqı ağır vəziyyətdən çıxarmaq üçün bir ümid yeri var idi. Xalqı bu vəziyyətdən ancaq və ancaq cənab Heydər Əliyev çıxara bilərdi. Əgər cənab Heydər Əliyev iyunun 15-də Milli Məclisin sədri seçildisə, iki gün keçməmiş ölkə Prezidentinin xalqı başsız qoyub Kələkiyə getməsi, o vaxtkı bəylərin istefa verməsi, vəzifədən getməsi ilə, demək olar ki, meydanda tək qalmışdı və ağır vəziyyətdən çıxış yollarını axtarırdı.
Əgər biz iyunun 24-nü yada salsaq görərək ki, cənab Heydər Əliyev məcburiyyət qarşısında, xalqın tələbi ilə, Milli Məclisin tələbi ilə, bütün Azərbaycan ictimaiyyətinin tələbi ilə hakimiyyəti öz üzərinə götürdü. Hər adam öz çiyinini o qədər ağırlığın altına verə bilməzdi. Bu, ancaq Heydər Əliyev kimi müdrik bir adamın, çox təcrübəli, bacarıqlı, çox uzaqgörən bir adamın işi ola bilərdi. Həmin dövrdə o, bəlkə də istəməzdi ki, belə bir ağırlığın altına girsin. Amma gördü ki, xalqı bu vəziyyətdən çıxarmaq üçün ona böyük ehtiyac var, xalqın başqa ümid yeri odur.
Çox sağ olsun ki, xalqın ümidini qırmadı, o vaxt hakimiyyətə gəldi, rəhbərliyi tam ələ aldı. Qısa bir müddətdə dövlətçiliyimizi yaratdı, Azərbayanı vətəndaş müharibəsindən qurtardı, atəşkəsi təmin etdi. Azərbaycanın həm daxili siyasətini, həm də xarici siyasətini formalaşdırdı. İndi Azərbaycan Avropa Şurasına daxil olub, beynəlxalq aləmdə öz yerini tutubdır. Bunlar hamısı Azərbaycanın qələbələridir. Bu qələbələrin də başında cənab Heydər Əliyev durur.
DAŞQIN QƏMBƏROV \tələbə\: O vaxt ölkədə vətəndaş müharibəsi, qardaş qarşıdurması yaranmışdı, günahsız qanlar tökülürdü. Belə bir vəziyyətdə hakimiyyətə gəlmiş və respublikanı ağır vəziyyətdə idarə etməyə başlayan möhtərəm Heydər Əliyevin qarşısına müxtəlif problemlər çıxırdı. Ancaq onun yeritdiyi daxili siyasət nəticəsində bütün bu çətinliklər getdikcə aradan qaldırıldı. Lakin cənab Heydər Əliyevi istəməyən şəxslər onun yeritdiyi siyasi xəttə qarşı çıxır, maneələr törədirdilər. Ancaq onlar dərk etmək istəmirdilər ki, Heydər Əliyev siyasəti onların heç birinin düşündüyü səviyyədə deyil və onların yaratdıqları problemlərin hamısının öhdəsindən gələcəkdir. Bunu tarix də sübut etdi ki, möhtərəm Prezidentimiz bunların hamısının qarşısını çox əzmlə aldı və xalqımızı o cür bəlalardan qurtarıb bugünkü səviyyəyə gətirib çıxardı.
BƏXTİYAR SADIQOV \Milli Məclisin deputatı\: Azərbaycan Xalq Cəbhəsi hakimiyyətdə olduğu qısa müddətdə xalqın etimad “kredit”ini çox tezliklə xərcləyib qurtardı. Ölkəni hərc-mərclik, qanunsuzluq burulğanına saldı. Hakimiyyətə gələndə hansı metodlardan istifadə etmişdisə, - kütləvi itaətsizlik, mitinqlər, piketlər, qayda-qanuna tabe olmamaq,- sonra özü öz əmələrini əsirinə çevrildi, ölkə daxilində vəziyyəti nəzarətdə saxlaya bilmədi. Surət Hüseynovun hakimiyyətlə zor işlətməklə danışması, onu hədələməsi isə böhranın kulminasiya nöqtəsi oldu. Təbiidir ki, xalq tərəfindən dəstəklənməyən, müdafiə olunmayan, ölkəni idarə edə bilməyən belə iqtidar hakimiyyətdən getməli idi.
Ölkə fəlakət həddində idi. Kiçik “xanlıqlara” parçalanmaq təhlükəsi ilə real surətdə üzləşmişdi. Azərbaycanın dövlət kimi varlığını qoruyub saxlamaq lazım idi. Belə vəziyyətdə xalq özünün ən doğru, düzgün qərarını qəbul etdi. Sınanmış oğlunu, liderini, görkəmli dövlət xadimi və siyasi xadim cənab Heydər Əliyevi yenidən ölkənin rəhbərliyinə dəvət etdi.
Cənab Heydər Əliyev Bakıya gələn kimi Gəncəyə getdi, vəziyyətlə yerindəcə tanış oldu və bundan sonra çox ağır və çətin missiyanı - Azərbaycanın parçalanmasının və dövlət kimi məhv olunmasının qarşısının alınması, müstəqilliyinin qorunması missiyasını yerinə yetirməyi öz üzərinə götürdü. Cənab Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıtması ilə, birincisi, ölkəmizi bir dövlət kimi xilas etdi, ikincisi, Azərbaycanın müstəqilliyi əbədi və dönməz oldu. Azərbaycandakı hərc-mərcliyin və qanunsuzluğun, özbaşınalığın qarşısı alındı və bu proses tamamilə dayandırıldı. Azərbaycanın müdafiəsinə yox, ayrı-ayrı şəxslərə, onların hakimiyyətə gətirilməsinə xidmət edən silahlı dəstələr tərksilah olundu. Əhalidən külli miqdarda silah toplandı. Əsrin sonunda xalqımızın əldə etdiyi müstəqillik Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və qətiyyəti sayəsində qorundu, saxlandı və əbədi oldu.
APARICI: 1993-cü ilin iyununda Azərbaycan gərgin və çətin günlərini yaşasa da, sabahına inamlı və ümidli idi. Çünki artıq ümidsizliyin səddini yarıb keçmiş və qurtuluş yoluna çıxmışdı. Bu Qurtuluş isə Heydər Əliyev zəkası, Heydər Əliyev dühası ilə qüdrətli idi.