“Təməl həyat dəstəyi” mövzusunda əyani təlim keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Bölmələrinin (TƏBİB) təşkilatçılığı ilə “Yeni klinika” tibb müəssisəsində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları üçün “Təməl həyat dəstəyi” mövzusunda əyani təlim keçirilib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, kursun tədrisi Amerikanın Kardioloji Assosiasiyasının BLS təliminə, ilkin yardım zamanı tətbiq olunan ILCOR təlimatlarına və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən olub. Kurs iştirakçılarına standartlara uyğun ürək-ağciyər canlandırılması (CPR), avtomatik eksternal defibrilyatorun (AED) protokollara uyğun formada istifadəsi, huşu, tənəffüsü, nəbzi olmayan xəstə və yaralıya təməl həyat dəstəyi addımlarını protokollara uyğun tətbiq edilməsi, hava yolu tıxanması yaşayan xəstə və ya yaralıya uyğun texnikaların istifadəsi öyrədilib.
Təlimlər TƏBİB-in Təlim və karyera planlaması şöbəsinin baş mütəxəssisi, təlimçi Nahidə Mahmudova və TƏBİB-in ÜST-lə əməkdaşlığında həyata keçirilən layihələr çərçivəsində “Təməl həyat dəstəyi üzrə ToT”də müvəffəqiyyətlə iştirak edən həkim-kardioloq Rəna Hacıyeva tərəfindən aparılıb.