REGİONLAR
“Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti tədbir Mingəçevirdə reallaşıb
Mingəçevir 8 may, Rauf Hacıyev, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti tədbir Mingəçevir su anbarında reallaşıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşlarının və ekokönüllülərin də qoşulduğu aksiya çərçivəsində Mingəçevir su anbarının sahil boyundakı bir neçə kilometr ərazi sintetik torlardan və qadağan olunmuş ov alətlərindən təmizlənib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) rəisi Hikmət Əlizadə jurnalistlərə açıqlamasında bildirib ki, aksiyanın keçirilməsində məqsəd ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə balıq ehtiyatlarının çoxalmasına nail olmaqdır.
DETX-nin rəisi qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması ekoloji tarazlığın pozulması, su bioresurslarının tükənməsi, xüsusən də balıq ehtiyatlarının kökünün kəsilməsi deməkdir.
“Qeyri-qanuni üsullarla və vasitələrlə balıq ovlanmasının qarşısının alınması bu gün üçün vacib və aktualdır. İctimaiyyət nümayəndələrindən xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə hüquq-mühafizə orqanlarına və bizə məlumat versinlər”, - deyə H.Əlizadə qeyd edib.
“Təmiz hövzələr” aksiyası çərçivəsində yığılmış sintetik torlar təkrar emala göndərilib.