ELM VƏ TƏHSİL
Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Sərəncamlar təhsilin inkişafına böyük töhfələr verəcək
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Sərəncamlarını yüksək qiymətləndirirəm. Bu, olduqca təqdirəlayiq addımdır. Ölkə başçısının bu Sərəncamları tələbələrin maddi rifahını yüksəltməklə yanaşı, elmə, təhsilə maraqlarını daha da artıracaq, təhsilin inkişafına böyük töhfələr verəcək. İnanıram ki, gənclərimiz bu qayğı sayəsində yüksək səviyyədə təhsil alaraq ölkəmizin çiçəklənməsinə dəstək göstərəcəklər.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru, professor, Əməkdar memar Nərgiz Abdullayeva deyib.
Prorektor qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar dövlətin gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir və gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir. Bu qayğının nəticəsi olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər də öz növbəsində bütöv və müstəqil Azərbaycan naminə bütün qüvvələrini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
N.Abdullayeva vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri bütün sahələrdə uğurla təmsil olunurlar.