Təqaüdlərin artırılması müəllim və tələbələr tərəfindən ölkə rəhbərliyinə minnətdarlıq hissi ilə qarşılanıb
Bakı, 15 fevral, AZƏRTAC
Ali, orta ixtisas və peşə təhsili müəssisələrində təqaüdlərin artırılması universitetimizin müəllim və tələbələri tərəfindən böyük məmnunluq və ölkə rəhbərliyinə minnətdarlıq hissi ilə qarşılanıb. Bu, ölkə rəhbərliyinin gəncliyimizə olan diqqət və qayğısının növbəti təcəssümü kimi qiymətləndirilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor, AMEA-nın müxbir üzvü İslam Mustafayev söyləyib.
İ.Mustafayev bildirib ki, təqaüd alanların sayının artırılmasına, həm də təqaüdlərinin miqdarının tələbələrin uğurlarına görə diferensasiyasının aparılmasına yönəlmiş sərəncamları təhsil sisteminin inkişafında da öz müsbət təsirini göstərəcək, gənclərin sosial-iqtisadi vəziyyətini yüksəldəcək, onların uğurlarını stimullaşdıracaq. Kafedra müdiri vurğulayıb ki, peşə təhsilindən tutmuş elmlər doktorluğu hazırlığına qədər təhsilin bütün mərhələlərini əhatə edən sərəncamlar ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf və davamlı cəmiyyət quruculuğu sahəsində ardıcıl və uğurla həyata keçirilən Dövlət proqramlarının tərkib hissəsi olmaqla yanaşı, təqaüd sisteminin təkminləşdirilməsi yolunda mühüm addımdır.