Tərcümə ixtisası tələbələri praktik biliklərini nümayiş etdiriblər
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin tərcümə ixtisasının IV kurs tələbələrinin istehsalat təcrübəsi üzrə yekun müdafiəsi təşkil olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Turizm və Menecment Universitetindən məlumat verilib. Bildirilib ki, 20 həftə davam edən təcrübə müddətində tələbələr nəzəri biliklərini müxtəlif dövlət və özəl qurumlarda praktik fəaliyyətlə möhkəmləndiriblər. Tələbələr Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət İmtahan Mərkəzi, Azərbaycan Dillər Universitetinin Tərcümə araşdırmaları laboratoriyası, AzTV, Avrasiya Tərcümə Mərkəzi, Şəms Tərcümə Mərkəzi və digər müəssisələrdə təcrübə keçərək peşəkar iş mühiti ilə yaxından tanış olublar. Müdafiə zamanı tələbələr təcrübə müddətində yerinə yetirdikləri işlər, qazandıqları peşə bacarıqları və əldə etdikləri təcrübələr barədə komissiyaya ətraflı təqdimat ediblər.
Qeyd olunub ki, istehsalat təcrübəsi proqramı tələbələrə tərcüməçilik sahəsində qazandıqları nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkan yaradıb.
ADU-nun dosenti, filologiya elmləri doktoru, tərcüməçi Şəhla Nağıyevanın sədrliyi ilə keçirilən müdafiədə tələbələrin analitik düşüncə, peşə etikası, təqdimat və ünsiyyət bacarıqları yüksək qiymətləndirilib. Bu mərhələ onların gələcək peşə fəaliyyətinə hazırlığında mühüm mərhələ kimi dəyərləndirilib.