“TERCUME.AZ” SAYTININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) və “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı ilə ADU-nun Amerika Mərkəzində “Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədi ilə elektron məlumat bazasının yaradılması” layihəsi əsasında yaradılmış “tercume.az” saytının təqdimat mərasimi keçirilmişdir.
ADU-nun rektoru Səməd Seyidov tədbiri açaraq bildirmişdir ki, bu layihənin həyata keçirilməsi ideyası YUNESKO-nun “Tərcümə, şərhetmə və terminologiya yeni qlobal kontekstdə” və “Tərcümə və transmilli proseslər” mövzularında müvafiq olaraq 1999 və 2004-cü illərdə Azərbaycan Dillər Universitetində keçirdiyi beynəlxalq konfransdan sonra meydana gəlmişdir. Həmin konfranslarda milli dilin leksik və qrammatik kodlaşdırılması, dilimizin frazeologiya və terminologiyasının inkişaf yolları, həmçinin Azərbaycan dilinə və dilimizdən əcnəbi dillərə edilmiş tərcümə əsərlərinin elektron məlumat bazasının yaradılması məsələləri xüsusi müzakirə obyekti olmuşdur.
Natiq bildirmişdir ki, “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyi və ADU-nun tərcümə və mədəniyyətlərarası ünsiyyət üzrə YUNESKO kafedrası layihəni Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun informasiya və biblioqrafiya şöbəsi və bədii tərcümə ilə məşğul olan qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirmişlər. Layihənin məqsədi son 40 ildə, xüsusilə müstəqillik dövründə Azərbaycan dilindən xarici dillərə (rus, ingilis, alman, fransız, ərəb və fars), eləcə də xarici dillərdən dilimizə tərcümə edilmiş əsərlərin elektron biblioqrafik məlumat bazasını yaratmaq olmuşdur.
S.Seyidov diqqətə çatdırmışdır ki, hazırda təqdim edilən “tercume.az” internet saytını Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə YUNESKO-nun dünyada savadlılığın dəstəklənməsinə dair Bakıda keçirilən 5-ci regional konfransının davamı kimi də qiymətləndirmək olar.
Tədbirdə layihənin həyata keçirilməsində xüsusi rolu olan universitetin dosenti Şəhla Nağıyeva, professor Fəxrəddin Veysəlli, “Azerbaijan İnternational” jurnalının baş redaktoru Beti Bleyer və başqaları çıxış edərək ölkəmizin dünyada və dünyanın Azərbaycanda tanıdılmasında “tercume.az” internet saytının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Bildirilmişdir ki, saytda Azərbaycanda 1920-2007-ci illər ərzində tərcümə sahəsində yazılmış tədqiqat əsərlərinin məlumat kataloqu, habelə son illər qələmə alınmış tədqiqatların elektron mətnindən ibarət elektron kitabxana da yaradılmışdır.
######
![]() |
![]() |

