Tərtər məktəbliləri fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlandırılıblar
Bakı, 18 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Tərtər rayon 1 nömrəli tam orta məktəbində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi” mövzusunda təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qarabağ Regional Mərkəzinin, Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin, rayon polis şöbəsinin, Təcili Tibbi Yardım Stansiyasının şəxsi heyəti, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təlimin keçirilməsində əsas məqsəd məktəbin kollektivinə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması, baş vermiş hadisələr zamanı praktiki vərdişlərin formalaşdırılmasından ibarət olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan təlimin nəzəri mərhələsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məlumat verilib, suallar cavablandırılıb.
Təlimin praktik mərhələsində isə xüsusi təyinatlı texnikalar və canlı qüvvənin iştirakı ilə baş vermiş zəlzələ və onun nəticəsində yaranmış yanğının söndürülməsi, zərərçəkmişlərin xilas edilməsi, təxliyə və ilkin yardım nümayiş olunub.
Sonda məktəbin kollektivinə texnikaların, xilasetmə alət və avadanlıqlarının istifadə qaydaları, taktiki-texniki göstəriciləri barədə məlumat verilib.
Uğurla başa çatan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.