Tərtərçay üzərində körpü əsaslı təmirdən sonra istifadəyə verilib
Bərdə, 14 mart, AZƏRTAC
Bərdə rayonunun Əyricə və Yeni Əyricə kəndlərinə gedən avtomobil yolunda, Tərtərçay üzərində yerləşən körpü əsaslı təmir edilərək istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, “Azəravtoyol” ASC-nin təmsilçiləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən, uzunluğu 36 metr, eni isə 4 metr olan dəmir konstruksiyalı avtomobil körpüsü 1981-ci ildə inşa edilib. Körpü istismar müddətini başa vurduğu üçün qəzalı vəziyyətdə idi. Körpünün əsaslı təmirinə cari ilin fevral ayında başlanılıb və bir ay ərzində işlər başa çatdırılıb. Ötürmə qabiliyyəti 50-60 tona hesablanan körpünün dayaqlarının sel sularından qorunması üçün suötürücü qurğu tikilib.