İQTİSADİYYAT
Tərtərdə tikinti-quruculuq və abadlıq işləri davam etdirilir
Tərtər, 19 avqust (AZƏRTAC). Tərtər rayonunda tikinti-quruculuq, abadlıq işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, cari ildə mərkəzi rayon xəstəxanası və rayon mədəniyyət evi əsaslı təmir olunmuş, yoluxucu xəstəliklər şöbəsi üçün yeni korpus tikilmişdir. Tərtər şəhərinin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Rasim Mürsəlov küçələrində istinad divarları aqlay və bəzək daşları ilə üzlənmiş, köhnə kommunikasiya xətləri yenisi ilə əvəz olunmuş, müasir işıq dirəkləri quraşdırılmışdır. H.Aslanov, M.P.Vaqif və M.Ə.Sabir küçələrinə yeni asfalt döşənmiş, M.Hüseynzadə küçəsinin eni 10 metr, Dövlət Bayrağı meydanının ərazisi 1,7 hektar genişləndirilmiş, şəhərin girişində giriş qapısı inşa edilmişdir. İlin əvvəlindən rayon ərazisində 12 min 300 ağac, 2850 müxtəlif növ gül kolları əkilmiş, 2100 kvadratmetr sahədə yaşıllıqlar salınmışdır.
Hazırda şəhərin prospekt və küçələrində yenidənqurma və abadlıq-quruculuq işləri, Qarabağ müharibəsi əlilərinin və şəhid ailələri üçün 6 mərtəbəli, 54 mənzilli yaşayış binasının, qaz istismarı sahəsi və Yeni Azərbaycan Partiyası rayon təşkilatının binalarının tikintisi davam etdirilir.
Tərtər şəhəri ilə yanaşı rayonun kəndlərində də abadlıq işləri aparılır, infrastruktur yaxşılaşdırılır. Cari ildə Qapanlı kəndində 220 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmiş, 50 min 350 metr kəndarası yollar təmir edilmişdir.
Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində 34 min 714 metr yol təmir edilmiş, Borsunlu kəndində İncəçay üzərində körpü salınmışdır. Borsunlu kəndində Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən 1 subartezian quyusu qazılmış, evlərə içməli su xəttinin çəkilişinə başlanılmışdır.
Rayonun Səhləbad və Ələsgərli kəndlərində yeni elektron ATS binaları tikilmiş, kənd ATS-lərinə ADSL avadanlığı quraşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq rayonun yaşayış məntəqələrinin qazlaşdırılması uğurla davam etdirilir.