REGİONLAR
Tərtərdə yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyi müzakirə olunub
Tərtər, 3 may, AZƏRTAC
Tərtər Rayon Gənclər Mərkəzində meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti qurumların əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və FHN-in Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Aqil Mustafayev tədbirdə çıxış edərək biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını qeyd edib, bu istiqamətdə qarşıda duran vacib məsələlərdən danışıblar. Bilərəkdən yanğın hadisəsi törədərək təbiətə və torpağın münbit qatına ziyan vuran şəxslərin müəyyən edilərək barələrində inzibati qaydada tədbirlərin görüləcəyi bildirilib.
Qarşılıqlı diskussiya şəkilində keçirilən tədbirdə iştirakçıların sualları cavablandırılıb.